Malik Mansurov: “Muğam qayaya bənzəyir, yel qayadan heç nə apara bilmədiyi kimi, bayağılaşdırsalar belə, muğamdan heç nə azalda bilməzlər”
“Atam istəyirdi ki, mən tar sənətinə yiyələnim. Bunu mənə ilk dəfə deyəndə çox sevindim. Hətta o qədər sevindim ki, yadımdadır, gecə səhərə qədər yata bilməmişdim. İkinci böyük sevincim o oldu ki, bu qərardan sonra atam mənim üçün tar alıb gətirdi. Tar çala bilməsəm də, saatlarla otağın küncündə oturar, öz aləmimdə ifalar etməyə çalışardım”. Bu sözləri bizimlə söhbətində “Üç nöqtə” qəzetinin qonağı Azərbaycan Milli Konservatoriyasının instrumental-muğam kafedrasının müdiri, Respublikanın Əməkdar artisti Malik Mansurov bölüşdü. Müsahibimizlə onun sənət həyatından, xatirələrindən, tələbələri ilə münasibətindən danışdıq.
- Hər bir incəsənət xadiminin sənət həyatına gəlməsi ilə bağlı özünəməxsus həyat hekayəsi olur. Sizin necə, belə bir hekayəniz varmı?
- Məni bu sənətə yönəldən atam Məmməd Mansurov olub. Bizim əslimiz Qazax rayonundandır. O bölgədə də bildiyiniz kimi, aşıq sənətinə çox böyük maraq var. Lakin atam muğamı, tarı, kamançanı daha çox sevirdi və həmişə Qurban Pirimovu, Hacı Məmmədovu, Əhsən Dadaşovu dinləyərdi. Ona görə də tar sənətinə yiyələnməyimi istəyirdi. Bunu mənə ilk dəfə deyəndə çox sevindim. Hətta o qədər sevindim ki, yadımdadır, gecə səhərə qədər yata bilməmişdim. İkinci böyük sevincim o oldu ki, bu qərardan sonra atam mənim üçün tar alıb gətirdi. Tar çala bilməsəm də, saatlarla otağın küncündə oturar, öz aləmimdə ifalar etməyə çalışardım. Xülasə, mənim bu sənətə gəlməyimin səbəbkarı atamdır. Bu sənətdə inkişaf etməyimə kömək olan, mənə bu sənəti daha da sevdirən sonrakı insanlar isə müəllimlərim oldu. Onlar mənə tarın bütün xüsusiyyətlərini və onda düzgün ifalar etməyi öyrətdi. Müəllimlərim uşaq vaxtı Səməd müəllim, Aqil Quliyev, sonralar Ramiz Nuriyev və Naxçıvan Musiqi Kollecində isə Arif Məhərrəmov idi.
O vaxt atamın işi ilə əlaqədar olaraq biz Naxçıvan şəhərinə köçdük və 1977-ci ildə Naxçıvan Musiqi Kollecinə daxil oldum. Burada müəllimim Arif Məhərrəmov oldu. Məni kollecə hazırlayan və tarı sevdirən insanlardan biri də məhz Arif müəllim idi. O, hazırda Azərbaycan Milli Konservatoriyasında dosent və orkestrimizin baş dirijorudur. Naxçıvan Musiqi Kollecində oxuduğum illərdə müxtəlif tədbir və konsertlərdə iştirak edirdim. Bu illərdə həm də Sumqayıta Musiqi Kollecləri arasında keçirilən müsabiqəyə qatılmaq üçün də gəlmişdim. Bu mənim ilk səfərim idi. 1979-cu ildə yenə atamın işi ilə əlaqədar Sumqayıt şəhərinə köçdük. Burada da müəllimim Azərbaycan Milli Konservatoriyasının sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Əməkdar müəllim”, professor Malik Quliyev oldu. Malik Quliyevlə ustad-şagird, həmçinin dostluq münasibətimiz bu günə qədər davam edir. Yenə də bir sözüm olduqda Malik müəllimə müraciət edirəm. Sumqayıt şəhərində Malik müəllim məni həm də konservatoriyaya hazırladı və 1981-ci ildə o vaxtkı Azərbaycan Dövlət Konservatoriyasına daxil oldum. Burada isə müəllimim Oqtay Quliyev oldu. Yeri gəlmişkən, o hazırda bir az xəstədir və buna görə də işləmir. Ona can sağlığı arzu edirəm.
- Sənət həyatınızla bağlı geriyə dönüb baxanda şükür edirsiniz yoxsa “kaş ki” deyirsiniz?
- Ümumiyyətlə, hər şeydə şükür edən insanam. Lakin sənət yolu elədir ki, burada konkret hadisələr baş verir. Bu barədə düşünəndə hərdən “kaş ki” deyirəm. Heç vaxt özümdən razı olmamışam və keçmiş sənət yoluma baxanda çoxlu səhvlərimin olduğunu görürəm. Fikrimcə, ifaçılıq elə bir sənətdir ki, burada səhv etməsən irəli gedə bilməzsən. Etdiyin səhvlər və onlardan çıxardığın nəticələr səni uğura aparan yoldur. Bu sənəti seçdiyimə görə əsla peşman deyiləm və hələ də şükür edirəm. Tar ifaçılığı çox gözəl sənətdir və hələ də bu sənətin aşiqiyəm.
- Bu günə qədər ifa etdiyiniz musiqilər içərisində ruhunuza toxunan, “bu məhz mənim üçün yazılıb” dediyiniz parçalar varmı?
- Əlbəttə, hədsiz çoxdur. Məsələn, gözəl sənətkar, xalq artisti Əlibaba Məmmədovun bir neçə mahnısının üzərində işləmişəm. Bu mahnılar əslində xanəndə üçün olsa da, onları çox sevdiyim üçün solo variantda da sevərək ifa edirəm. Bundan başqa “n” sayda əsərlər var ki, mənim həyatımda önəmli yer tutur və ruhuma toxunur. Məsələn, Tofiq Quliyev “İlk bahar”, Hacı Xanməmmədovun konsertləri və s. Həmçinin çoxlu sayda təsnif və rənglər var ki, onlar da qəlbimə toxunur. Lakin mənim qəlbimə daha çox muğam və bu janr üzərində olan əsərlər toxunur. Konkret olaraq misal çəkəsi olsam, “Humayun” muğamını, Əhsən Dadaşovun “Şur” rənglərini, Hacı Məmmədovun “Bayatı-Şiraz” rəngini və s. parçaları deyə bilərəm. Bu tip əsərlərin ifaçılarından isə Şəfiqə Axundova, Əhsən Dadaşov, Əlibaba Məmmədov, Hacı Məmmədov, Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Ağasəlim Abdullayev, Möhlət Müslümov və daha nə qədər ifaçıların adlarını çəkə bilərəm. Qısaca, ruhuma toxunan əsərlərin siyahısı olduqca uzundur.
- Belə bir deyim var, oğul atasından, şagird müəllimindən irəli getməsə inkişaf olmaz. Bəs siz necə, müəllimlərinizdən irəli gedə bildiyinizi düşünürsünüzmü?
- Məncə, bu sözü insanın özü üçün deməsi düzgün deyil. Yəni, gərək bunu sənə kənardan desinlər. Öz düşüncəmə görə ola bilsin ki, müəllimlərimdən yalnız səfər nöqteyi-nəzərindən irəli getmişəm. Çünki səhnələrdə daha çox olmuşam, müxtəlif ölkələrə konsert səfərlərinə getmişəm. Amma heç vaxt özümü onlardan üstün saymıram və saymaram da.
- Bəs tələbələriniz necə, bu sənətdə sizdən irəli gedə bilirlərmi?
- Bəli, gedə bilirlər. Hətta, elə tələbələrim var ki, bu gün məndən də çox səfərlərdə, qastrollarda olurlar. Bunları öz müəllimlik uğurlarım sayıram. Əgər tələbələrim bu sənətdə irəli gedə bilirsə, hər zaman onları dəstəkləyirəm və buna çox sevinirəm. Belə tələbələrimdən Əliağa Sədiyev, Humay Qədirova, Səbuhi Əliyevin adlarını çəkə bilərəm. Səbuhi Əliyev hazırda Azərbaycan Milli Konservatoriyasında məsul katibdir.
- Tələbələrinizlə bir müəllim kimi münasibətiniz necədir?
- Tələbələrimlə münasibətim çox yaxşıdır. Onlara müəllimdən çox dost kimi yanaşıram. Onlar da mənə bu cür yanaşırlar. Hətta əlaqələrimiz də çox möhkəmdir. Sağ olsunlar, məni heç zaman yaddan çıxarmırlar. Bu baxımdan özümü xoşbəxt saya bilərəm.
- Bu gün muğama qarşı olan ictimai maraq və onun təbliği sizi qane edirmi?
- Açığı, bu mövzuya birmənalı yanaşa bilmərəm. Çünki bu baxımdan razı və narazı olduğum məqamlar da var. Tarzənlərimizdən, kamança ifaçılarımızdan və s. çox razıyam. Onlar yüksək səviyyədə muğamı həm ölkəmizdə, həm də dünyada tanıdırlar. Narazı olduğum məqamlar isə bəzi televiziya kanallarımızla bağlıdır. Həmin telekanallarda milli musiqimizin, muğamın təbliğatı düzgün aparılmır. Bunun səbəbi də musiqimizin getdikcə bayağılaşdırılmasıdır. Amma muğam qayaya bənzəyir. Yel qayadan heç nə apara bilmədiyi kimi, bayağılaşdırsalar belə, muğamdan heç nə azalda bilməzlər. Muğam əbədidir. O daim yaşayıb və yaşayacaq da.
- Qeyd etdiniz ki, bəzi televiziya kanallarının milli musiqimizi, muğamı təbliği sizi qane etmir. Bəs tələbələriniz necə, sizin istədiyiniz kimi təbliğ edə bilirlərmi musiqimizi?
- Mənim fikrimcə, bəli edə bilirlər. Məsələn, tələbəm Nurlan Cəbizadə bu yaxınlarda çox məşhurlaşmağa da başlayıb. O tələblərimi çox yaxşı anlayır və düzgün yerinə yetirməyə çalışır. Mən də ondan çox razıyam. Həmçinin mənim tələbələrim beynəlxalq müsabiqələrdə, konsertlərdə, tədbirlərdə də muğamı, milli musiqimizi layiqincə təmsil edirlər. Bu zaman çox böyük qürur hissi və həyəcan keçirirəm. Tələbələrim də üzümü hər zaman ağ edir. Belə tələbələrimdən Zəki Vəliyev və Arifə İmanovanın da adını çəkmək istəyirəm. Onlar da bir çox müsabiqələrdə iştirak edib və böyük uğurlara imza atıblar.
- Neçə illər görkəmli xanəndə Alim Qasımovla birlikdə işləmisiniz. Bu illərlə bağlı hələ də yaddaşınızdan silinməyən xatirələriniz varmı?
- 17 ilə yaxın Alim Qasımovla birlikdə işləmişəm. Onunla bağlı çoxlu maraqlı və hələ də yaddaşımdan silinməyən xatirələrim var. Onlardan birini sizinlə də bölüşmək istəyirəm. Bu Alim Qasımovla ilk görüşümdür. 1988-ci ilin oktyabr-noyabr ayları idi. O vaxt qardaşım artıq 1 il yarım olardı ki, Alim Qasımovla işləyirdi. Bildiyiniz kimi, qardaşım Elşən Mansurov görkəmli kamança ifaçısıdır. O mənə dedi ki, Alim sənə qulaq asmaq istəyir. Mən də razılaşdım. Alim Qasımovla ilk görüşümüzdə o məndən soruşdu ki, nə ifa edək? Mən də “Şur” muğamını ifa etmək istədiyimi bildirdim. “Şur” muğamını ifa edib bitirdik və o vaxtdan 2005-ci ilə qədər birlikdə işləməyə davam etdik. Bu xatirə mənim üçün çox dəyərlidir. Sonralar da Alim Qasımovla birlikdə müxtəlif səhnələrdə çıxış etdik və çoxlu maraqlı xatirələrimiz yarandı. Biz Parisdə, Milanda, Romada, İranın, Rusiyanın, Yaponiyanın, Çinin şəhərlərində konsertlər verirdik. Ümumiyyətlə, Alim Qasımovla işləməkdən çox məmnun idim və hələ də o illəri xatırladıqca xoş əhval-ruhiyyəyə qapılıram. Həmin illər sənət həyatımın ən parlaq səhifələridir.
- Bəs necə oldu ki, Alim Qasımovla yollarınızı ayırdınız?
- Mən bunu “talenin yazısı” adlandırıram. Buna görə nə özümü, nə də Alim Qasımovu günahlandıra bilmərəm. Çünki bizim aramızda söz-söhbət və mübahisə olmadı. Sadəcə onu deyə bilərəm ki, artıq bir-birimizi başa düşmədiyimizi anladıq və yollarımızı ayırmağa qərar verdik.
- Bildiyimə görə, “Naz-Nazı” ansambl qrupunuz var. Bu qrup haqqında bir az danışa bilərsinizmi?
- Bu qrupun yaradılmasında Siyavuş Kərimi çox böyük təşəbbüs göstərdi. Hamımıza məlumdur ki, ölkəmizdə hər il müxtəlif beynəlxalq müsabiqələr olur. Siyavuş müəllim bu beynəlxalq müsabiqələrin birinin tərkibində instrumental yarışmanın da olmasını istəyirdi. 2013-cü ildə bu layihənin reallaşdıra bildikdən sonra o, mən də daxil olmaqla bütün instrumental ifaçı müəllimləri topladı və bunu bizə bildirdi. O vaxta qədər “Naz-Nazı” qrupunu yaratmaq haqqında fikirləşirdim, lakin bunu həyata keçirmirdim. Bilmirəm, bəlkə də bu ansambla ehtiyac olmadığını düşündüyüm üçün bu fikrimi reallaşdırmırdım. Lakin bu ürəyimdə bir arzu kimi qalmışdı. 2013-cü ildə Siyavuş müəllim belə bir qrupun yaradılması haqqında fikir irəli sürəndə bu qrupu yaratmaq barəsində artıq qəti qərar verdim. Siyavuş müəllim bizə muğamları, rəngləri, təsnifləri improvizasiya və kompozisiya şəklində ifa etməyi təklif etdi. Tez bir zamanda qrupun tərkibində ifa etməsi üçün ifaçılar tapdım və qrupu öz arzuma uyğun olaraq “Naz-Nazı” adlandırdım. Qeyd edim ki, bu qrupun belə adlanmasında “Naz-Nazı” rəqsini çox sevməyimin də mühüm rolu var. Hətta sonradan araşdıraraq öyrəndim ki, “Naz-Nazı” üzümün növlərindən biridir.
- Respublikamızın əməkdar artistisiniz. Bu fəxri adın sizə hansı hissləri bəxş etdiyini bilmək olarmı?
- Bu çox qürurverici bir hissdir. Bu adı 2007-ci ildə hörmətli Siyavuş Kəriminin təşəbbüsü sayəsində almışam. Düşünürəm ki, bu fəxri adı almağım sənət həyatında çəkdiyim zəhmətlərin bəhrəsidir.
- Sənət həyatında arzu etdiyiniz yerdəsinizmi?
- Hazırda olduğum mövqeni qazanmaq üçün uzun illər zəhmət çəkmişəm və məqsədlərimə qismən çata bilmişəm. Bu baxımdan demək olar ki, arzu etdiyim mövqeyə yaxın bir yerdəyəm.
- Son olaraq, sənət həyatınızla bağlı ən böyük arzunuz nədir?
- Ən böyük arzum özümdən sonra bu sənətdə silinməz iz qoya bilməkdir. Çünki ömür əmanətdir və çalışmalıyıq ki, bizdən geriyə yaxşı irs qalsın. Əgər özümdən sonra iz qoya bilməyəcəyəmsə, demək bu dünyaya boşuna gəlmişəm.
Nazlı Allahverdiyeva