Xalça Muzeyinin direktoru: “2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı”

10:40 - 27 Dekabr 2018 - Mədəniyyət

Azərbaycan Xalça Muzeyi 2018-ci ili yola salır və son 12 aylıq fəaliyyətinin nəticələrini yekunlaşdırır. “Bəhs etməyə çox mövzumuz var, çünki bu il ərzində muzeyin fəaliyyəti yeni mərhələyə qədəm qoydu. İlk növbədə, ziyarətçi sayı daim artır. Əgər iki il bundan əvvəl Azərbaycan Xalça Muzeyini 60 minə yaxın insan ziyarət etmişdisə, ötən il bu göstərici 85 min nəfərdən çox, 2018-ci ildə ziyarətçilərin sayı 110 minə çatdı” – muzeyin direktoru Şirin Məlikova vurğulayır.

Ucnoqta.az xəbər verir ki, Muzeyin fondu, onun bütün kolleksiyaları daim artır. Belə ki, 2018-ci ildə Heydər Əliyev Fondu muzeyin ən qiymətli eksponatlarına çevrilmiş  XVII əsrin nadir xalçaları olan "Xətai”(Əjdahalı), "Naxçıvan" və italiyalı kolleksioner Mirko Kattai XIX əsrə aid Qubanın möhtəşəm “Hacıqayıb” xalçasını muzeyimizə hədiyyə etdilər. Bundan əlavə, xaricdən vətənə qaytarılan iki xalça -  XIX əsrə aid Quba qrupuna aid “Sırt-Çiçi” və Bakı qrupuna aid “Xilə-buta” xalçası satın alınaraq, bizim kolleksiyamızı zənginləşdirdi.
İstənilən muzeyin fəaliyyətindən biri sərgilərin təşkili və keçirilməsidir. Muzeyimiz tərəfindən həm ölkədaxili, həm də xaricdə - müstəqil olaraq və müxtəlif yerli və xarici təşkilatlarla əməkdaşlıq çərçivəsində bir sıra sərgilər təşkil olundu. Bunlar sırasında muzey keçirilən sərgilər: Bakı xalçalarının  yeni çeşniləri, Tahir Salahovun portret xalçaları, qədim kəlağayılar və s., eləcə də xarici sərgi layihələri: Vyanada “Uçan xalça”, Moskvada “Yeddi gözəl”, Çində keçirilən Çinqay Beynəlxalq Xalça sərgisində muzeyin iştirakı və bir sıra digər sərgilər var.
Bu il Azərbaycan Xalça Muzeyi Topkapı Sarayı Muzeyi, Türk və İslam Əsərləri Muzeyi, Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Rusiya Etnoqrafiya Muzeyi kimi xarici muzeylərlə işgüzar əməkdaşlığını genişləndirdi. Muzeyimizin əməkdaşları Hindistan, Gürcüstan, ABŞ və Çində keçirilən elmi konfranslarda iştirak etdilər.

Azərbaycan Xalça Muzeyi yalnız sərgilər üçün nəzərdə tutulmuş məkanı deyil, həm də elmi müzakirələr üçün bir forumdur. 2018-ci ildə burada iki böyük beynəlxalq tədbir keçirildi. Onlardan biri Beynəlxalq Muzeylər Şurasının (ICOM) iki beynəlxalq komitəsinin “Dekorativ sənət və interyer” adlı konfransı idi. Digəri isə “Keçə sənətində kəsişmə nöqtələri” mövzusunda III Beynəlxalq “Türk dünyasının ortaq dili–naxışlar”simpoziumu idi. Simpozium çərçivəsində elmi konfrans, ustad dərsləri, moda nümayişi, ənənəvi və müasir keçə məmulatlarından ibarət sərgilər, muzeyimizin kolleksiyasından tikmə haqqında kitabın təqdimatı keçirildi. Tədbirə 22 ölkədən 80-dən artıq iştirakçı qatıldı.
Əlbəttə ki, 2018-ci ildə muzey işinin müxtəlif sahələrində peşəkarlar üçün xarici mütəxəssislər tərəfindən ənənəvi şəkildə keçirilən treninqlər və arzu edən hər kəs üçün ödənişsiz mühazirələr davam etdirildi. Həmçinin müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün könüllü proqramı və muzey təcrübəsi də uğurla keçirilir. Kiçik ziyarətçilər də unudulmadı: muzey onlar üçün yeni ekskursiya və ustad dərslərindən ibarət “Art şənbə” layihəsini hazırladı, həmçinin proqramları muzey kolleksiyalarının öyrənilməsinə əsaslanan kvestlər (komanda yarışları) təşkil etdi.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, əməyimiz yalnız ziyarətçilər tərəfindən deyil, həmçinin beynəlxalq muzey təşkilatları tərəfindən yüksək qiymətləndirilir. 2018-ci ildə Azərbaycan Xalça Muzeyi Beynəlxalq Muzeylər Şurasının (ICOM) Beynəlxalq Sənədləşmə Komitəsi (CIDOC) tərəfindən qeyri-maddi mədəni irs məlumat bazası üzrə ən yaxşı təcrübəyə layiq görülüb. Muzey həmçinin Avropa Muzey Forumu tərəfindən “Avropanın ən yaxşı muzeyi 2018” mükafatına namizəd muzey arasında idi. O, burada  “Muzey sahəsində ictimaiyyətlə işin qurulmasında innovasiyaların tətbiqinə görə” sertifikatı ilə təltif olundu.   Nəhayət, iki il ardıcıl olaraq, muzeyimiz dünyanın ən yaxşı muzeyi kimi “TripAdvisor”un “Mükəmməllik sertifikatı”na layiq görülmüşdür.

 

Xəbər xətti