Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər
Konstitusiyanın əsas hüquqi əlamətlərindən biri onun sabitliyidir. Konstitusiya məzmunu sabit olan, uzunmüddətli fəaliyyət üçün nəzərdə tutulan aktdır. Bununla belə, ictimai münasibətlərin inkişafı prosesi, müasir dünyada cəmiyyətdə və dövlətdə baş verən dəyişikliklər konstitusiyaların da zərurət yarandıqda təkmilləşdirilməsini, onlara müəyyən əlavələrin və dəyişikliklərin aparılmasını labüd edir. Bu da təsadüfi deyil, çünki Konstitusiyanın qəbulu zamanı onun tənzimetmə predmetini təşkil edən ictimai münasibətlər və bu münasibətlərin tərkib hissəsi olan hüquqi, siyasi, sosial və iqtisadi vəziyyət zaman keçdikcə dəyişir. Bu baxımdan ölkəmizdə məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan hüquqları və azadlıqlarının daha səmərəli qorunması konstitusiya islahatlarının aparılmasını zəruri edib. Məhz həmin zərurətdən irəli gələrək 2002-ci il 24 avqust və 2009-cu il 18 mart və 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsi (referendum) nəticəsində Konstitusiyanın mətninə əhəmiyyətli əlavələr və dəyişikliklər edilib. Konstitusiya islahatları Azərbaycanın hüquq sisteminin inkişaf etmiş dövlətlərin hüquq sisteminə və beynəlxalq hüquq normalarına uyğunlaşdırılması, ölkəmizdə demokratikləşmə proseslərinin daha da genişləndirilməsi, insan hüquqlarının və azadlıqlarının daha səmərəli müdafiə olunması məqsədlərinə xidmət edib. Sonuncu konstitusiya dəyişikliyində 24-cü madəyə I hissə əlavə edilib və bildirilib ki, insan ləyaqəti qorunur və ona hörmət edilir. 25-ci maddəyə əlavə edilmiş VI hissədə qeyd edilib ki, sağlamlıq imkanları məhdud olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar.
Mülkiyyət Hüququnu tənzimləyən 29-cu maddəyə edilmiş dəyişiklikdə vurğulanır ki, xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər. Şəxsi toxunulmazlıq hüququnu tənzimləyən 32-ci maddəyə 3 hissə əlavə olunub. Maddənin VI hissəsində bildirilir ki,qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiya ehtiyatlarına daxil olmaq qadağandır. VII hissədə deyilir ki, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək şərtilə anonim xarakterli statistik məlumatların emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz. Bu maddənin VIII hissəsinə görə,fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir.
Dəyişikliklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini nəzərdə tutur. Bu Konstitusiyanın 101-ci maddəsi ilə tənzimlənir və bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə 7 il müddətinə seçilir. Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.
Azərbaycan Respublikasının Prezidenti səsvermədə iştirak edənlərin yarısından çoxunun səs çoxluğu ilə seçilir. Bu səs çoxluğu səsvermənin birinci dövrəsində toplanmayıbsa, səsvermə günündən sonra ikinci bazar günü səsvermənin ikinci dövrəsi keçirilir. İkinci dövrədə ancaq birinci dövrədə ən çox səs toplamış iki namizəd yaxud ən çox səs toplamış və öz namizədliyini geri götürmüş namizədlərdən sonra gələn iki namizəd iştirak edir. Səsvermənin ikinci dövrəsində səs çoxluğu toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır. Müharibə şəraitində hərbi əməliyyatların aparılması Azərbaycan Respublikası Prezidenti seçkilərinin keçirilməsini mümkün etmədikdə Azərbaycan Respublikası Prezidentinin səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar seçkilərin (referendumun) keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qəbul edilir. Bu maddənin tətbiqi qaydası qanunla müəyyən edilir. Bu dəyişikliklə bağlı Millət vəkili Aydın Mirzəzadə deyib: "Təcrübə göstərir ki, bir qayda olaraq 5 il seçilmiş şəxsin özünün proqramının həyata keçirilməsi üçün yetərli deyil. 7 il isə kifayət edir ki, seçicidən mandat alan və dövlət idarə edən şəxs elan etdiyi, dəstək verdiyi proqramı və starteji məsələləri həll etmək üçün ehtiyatında kifayət qədər zaman var", Mirzəzadənin qənaətinə görə, yaş senzinin aradan qaldırılması bilik və təcrübəsi ilə cəmiyyətdə tanınan, potensialından istifadə olunmasını zəruri edən gənclərin idarəetməyə cəlbi ilə bağlıdır.
Konstitusiya dəyişikliyi ilə prezidentin birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin yaradılıb. Onların vəzifəyə təyinatı və azad edilməsi səlahiyyəti prezidentə məxsusdur və dövlət başçısı təyinatı razılışdırmalı deyil. 1031 maddədə bildirilir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.
Vitse-prezidentlik postunun yaradılmasına gəlincə isə millət vəkili deyir ki, ayrı-ayrı sahələrin vitse-prezident səviyyəsində nəzarətə götürülməsi idarəetmə mexanizmini daha yaxşı və çevik idarətməsi cəhətdən vacibdir. "Yəni vitse–prezidentin hər biri konkret bir sahəyə baxacaq. Artıq bir başa prezidentdən tapşırıq alaraq bir neçə istiqamətə rəhbərlik edən kifayət qədər yüksək vəzifəli şəxslər korpusu yarana biləcək", deputat vurğulayıb.
Qeyd edək ki, dəyişikliyə əsasən prezident dövlət başçısı səlahiyyətlərini icra edə bilməyəndə onun səlahiyyətlərini birinci vitse-prezident icra edir. Azərbaycan Respublikası Prezidenti vəzifədən getdikdə onun səlahiyyətlərinin icrasını tənzimləyən 105-ci maddəyə görə,. Azərbaycan Respublikasının Prezidenti vaxtından əvvəl vəzifədən getdikdə 60 gün müddətində növbədənkənar Azərbaycan Respublikasının Prezidenti seçkiləri keçirilir. Bu halda Azərbaycan Respublikasının yeni Prezidenti seçilənədək Azərbaycan Respublikasının Prezidenti səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti icra edir.. Bu müddət ərzində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti istefa verdikdə, səhhətinə görə öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi ardıcıllıqla Azərbaycan Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edir (II hissə) Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş naziri icra edir. Bu maddənin II hissəsində göstərilən səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi mümkün olmadıqda, Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin başqa vəzifəli şəxs tərəfindən icrası haqqında qərar qəbul edir.
(davamı var)