O, Malta ilə matçda 83 dəqiq ötürmə verib
Millətlər Liqasının IV turunun oyunlarından sonra UEFA yeni statistik göstəriciləri açıqlayıb.Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, Malta ilə qarşılaşmanın ardından Azərbaycan milli komandasının futbolçusu Riçard Almeyda dəqiq ötürmə sayında liderliyə yüksəlib. O, 1:1 hesablı heç-heçə etdikləri matçda 83 dəqiq ötürmə verib. Beləliklə, 30 yaşlı yarımmüdafiəçi keçirdiyi 4 oyunun yekununda 298 ötürmə ilə birinci pillədə qərarlaşıb.
Azərbaycan yığmasının digər üzvü Qara Qarayev bu göstəricidə 276 ötürmə ilə ikinci yerdədir. 26 yaşlı yarımmüdafiəçi Malta ilə matçda 75 dəqiq ötürmə verib.Millinin digər rəqibi Kosovo yığmasının üzvü Herolind Şala isə 253 ötürmə ilə ilk "3-lüy"ü qapayır. Malta yığmasından Endryu Hoqq və San-Marinonun qapıçısı Elia Benedettini "seyv” sayında zirvədədirlər. Onlar 24 dəfə komandalarını qoldan xilas ediblər.
Bombardirlər siyahısına belçikalı Romelu Lukaku ilə serbiyalı Aleksandar Mitroviç başçılıq edir. Onlar hərəyə 4 qol vurublar.
Ən çox qol ötürməsi edənlərin siyahısında ispaniyalı Marko Asensio 1-cidir. O, komanda yoldaşlarının qol vurmasına 4 dəfə bilavasitə yardımçı olub. Bolqarıstanlı Straxil Petrov 3 qol ötürməsi ilə 2-ci yerdədir.