Azərbaycan voleybolçuları dünya çempionatında ilk qələbəsini qazanıb

14:46 - 30 Sentyabr 2018 - İDMAN

 Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası Yaponiyadakı dünya çempionatında bu gün II tur matçına çıxıb.

 C qrupunun oyununda rəqib Cənubi Koreya yığması olub. Kobe şəhərində təşkil olunmuş qarşılaşmadan Faiq Qarayevin baş məşqçi olduğu kollektiv qalib ayrılıb - 3:1. İlk 2 seti 25:18 hesablı üstünlüklə tamamlayan Azərbaycan millisi üçüncü setdə ciddi müqavimətlə üzləşib. Nəticədə Cənubi Koreya seti öndə tamamlayıb - 25:23. Lakin dördüncü set həlledici olub. Qarayevin komandası yenə 25:18 hesablı üstünlüklə görüşün taleyini həll edib.

Bu, dünya çempionatında ilk qələbə olub. Birinci turda Azərbaycan ABŞ-a 0:3, Cənubi Koreya isə Tailanda 2:3 hesabı ilə uduzub. Bu gün isə ABŞ Trinidad və Tobaqonu 3:0 (25:11, 25:11, 25:11) hesabı ilə məğlub edib. Saat 14:20-də Tailand Rusiya matçı başlanacaq.

Qeyd edək ki, bu oyunlardan sonra C qrupunda turnir cədvəlinə 6 xalla ABŞ başçılıq edir. Sonrakı 2 yerdə gedən Rusiya və Azərbaycanın hərəyə 3 xalı var. Tailand 2 xalla 3-cü, Cənubi Koreya 1 xalla 4-cü pillələrdədir. Xalı olmayan Trinidad və Tobaqo isə 6-cı pillədə qərarlaşıb.

Dünya çempionatı
C qrupu
30 sentyabr

11:10. Azərbaycan - Cənubi Koreya - 3:1 (25:18, 25:18, 23:25, 25:18)
report

Xəbər xətti