"Qarabağ"ın oyunlarının nəticələrini izləyir, hərdən klubun bir neçə əməkdaşı ilə yazışıram. Onların güclü komandası var".
Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, bunu Ukrayna yığmasının və "Qarabağ"ın sabiq futbolçusu Sergey Kravçenko "Komanda 1"ə müsahibəsində deyib. Hazırda Ukrayna I Liqasında "Dnepr-1"in şərəfini qoruyan 35 yaşlı yarımmüdafiəçi Azərbaycan komandasından sonra üz tutduğu "Vorskla"nın Avropa Liqasındakı şanslarını dəyərləndirib. Onun fikrincə, Poltava klubu üçün həm ev, həm də xüsusən səfər oyunu ağır olacaq: "Qarabağ" hazırlıqlı komandadır və avrokuboklarda iştirak təcrübəsi rəqibin tərəfindədir".
Kravçenko "Vorskla"nın ilk turda "Arsenal"la səfərdə keçirdiyi görüşdə 2 qol vurmasına sevindiyini bildirsə də, qrupda sensasiya edəcəyinə inanmadığını vurğulayıb: "Məni "Arsenal"ın baş məşqçisi Unay Emerinin meydana döyüşkən heyət buraxması təəccübləndirdi. Deməli, "Vorskla"ya hörmətlə yanaşırlar. Poltavalıların "Emirates" stadionunda iki qol vurmalarına və böyük hesablı məğlubiyyətdən qurtulmalarına sevinirəm. Belə müsbət emosiyalar "Vorskla"ya "Zarya" ilə çempionatın prinsipial matçında qalib gəlməkdə kömək etdi. Bizdə hər 3 gündənbir oyun keçirməyin çətin olduğunu deməyi sevirlər. "Vorskla" isə əksini sübut etdi. Üstəlik, poltavalılar luqansklılarla görüşə Londondakı kimi döyüşkən heyətlə çıxmışdılar. "Vorskla"nın ilk turda "Arsenal"a 2:4 hesabı ilə uduzmasına baxmayaraq, ümid sonda ölür. Hərçənd, açıq danışsaq, "ağ-yaşıllar" çətin ki, sensasiya edə bilsinlər".
Qeyd edək ki, "Qarabağ" və "Vorskla" arasındakı ilk oyun oktyabrın 25-də Bakı Olimpiya Stadionunda, cavab görüşü noyabrın 8-də Poltavada olacaq. Sergey Kravçenko karyerası ərzində yalnız Azərbaycanda legioner həyatı yaşayıb. O, 2005-ci ildə "Qarabağ"ın formasını geyinib. Daha sonra Kravçenko "Vorskla"da 3 il çıxış edib.