Hazırda bu istiqamətdə UEFA ilə birgə iş aparılır
Futbol üzrə Avropa Liqasında komanda sayı 48-dən 32-yə endirilə bilər. Bu barədə Avropa Klublar Assosiasiyasının (ECA) sədri Andrea Anyelli açıqlama verib. İtaliya "Yuventus"unun prezidenti bildirib ki, hazırda bu istiqamətdə UEFA ilə birgə iş aparılır.
Anyelli üçüncü avrokubok turnirinin təşkili üzrə işlərin davam etdiyini də diqqətə çatdırıb: "Bu, klublar üçün çox yaxşı turnir olacaq. Onların avrokuboklara qatılma şansları daha da yüksələcək. Biz bu fantastik idman növündə daha böyük balansın olmasını istəyirik. Çünki futbol dünyada ən gözəl idman növü olaraq qalır. Uşaqlarımıza necə futbolu miras qoyacağımız üzərində düşünməliyik. 1970 - 1980-ci illərdə Çempionlar Kubokunu "Ayaks" və "Benfika" kimi klublar qazanırdılar. Hazırda onları böyk iqtisadi bərabərsizliyə görə İspaniya, İngiltərə və Almaniya klubları arasında görmək çətindir. Futbol son 10 ildə inanılmaz sürətlə böyüyüb. Ən önəmli amil isə televiziya hüquqlarından əldə edilən gəlirdir. Lakin futbolda gəlirlərin 1/3 hissəsi ən varlı 12 kluba gedir".
Qeyd edək ki, indiyədək Azərbaycanın 3 klubu - "Neftçi", "Qəbələ" və "Qarabağ" Avropa Liqasının qrup mərhələsində mübarizə aparıb. "Qarabağ" hazırda qrupda çıxış edən yeganə komandadır. report