Yakub Jezniçak vaxtilə Sportinqə qarşı 4 oyunda iştirak edib
UEFA-nın rəsmi saytı Avropa Liqasının qrup mərhələsinin I turunda "Qarabağ” komandasının Portuqaliyada “Sportinq”ə qarşı keçirəcəyi oyunla bağlı statistik məlumatları açıqlayıb.
Yazıda sentyabrın 20-də Lissabondakı “Joze Alvalade” stadionunda baş tutacaq görüşün Portuqaliya və Azərbaycan klublarının ilk dueli kimi tarixə düşəcəyi vurğulanıb. Bildirilir ki, “Sportinq” 2018/2019 avrokubok mövsümündə debüt matçına çıxacaq, mübarizəyə Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsindən başlayan “Qarabağ” isə qrupa düşənə qədər 8 oyun keçirib.
“Sportinq”
- “Sportinq” 2017/18 mövsümündə Portuqaliya çempionatında 3-cü yeri tutaraq, Avropa Liqasına vəsiqə qazanıb. Üstəlik, sonuncu Avropa Liqasının 1/4 finalçısı olan lissabonlular ölkə kubokunun finalında “Aviş”ə uduzub – 1:2.
- Portuqaliya təmsilçisi turnir Avropa Liqası adlanandan bəri – 2009/2010 mövsümündən daimi iştirakçıya çevrilib. Son 7 yarışa qatılan komanda bunlardan 5-də qrup mərhələsində çıxış edib. Lissabonlular 2011/2012 mövsümündə bütün ev oyunlarında qalib gələrək, yarımfinalçı olublar. Burada isə İspaniya təmsilçisi “Atletik”lə bacarmayıb – 2:1, 1:3. “Şirlər”in yolunu ötən mövsümdə də İspaniya klubu – bu dəfə “Atletiko” kəsib - 0:2, 1:0.
- “Sportinq” Avropa Liqasının qrup mərhələsində yalnız bir dəfə evdə uduzub. Komanda 2015/2016 mövsümündə Rusiya “Lokomotiv”inə 1:3 hesabı ilə yenilib. Portuqaliya təmsilçisi Avropa Liqasında evdə keçirdiyi oyunlardan 10-da qalib gəlib, 4 dəfə heç-heçə edib və 1 matçda uduzub.
“Qarabağ”
- 2017/18 mövsümündə ardıcıl 5-ci dəfə Azərbaycan çempionu olan “Qarabağ” bütün hallarda avrokubokların qrup mərhələsində iştirak edib. Üç dəfə bu yarışda qüvvəsini sınayan Ağdam təmsilçisi, ötən mövsüm ÇL-in qrupuna düşən ilk Azərbaycan klubu olub. Bu dəfə isə “köhlən atlar”ın qitənin ən nüfuzlu klub turnirində yolunu Belarus BATE-si kəsib – 0:1, 1:1. Əvəzində Avropa Liqasının pley-off mərhələsində Moldovanın “Şerif” komandasından iki oyunun nəticəsində güclü olan (0:1, 3:0) “Qarabağ” qrupa vəsiqə qazanıb.
- Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv avrokuboklarda heç vaxt qrupdan çıxa bilməyib. Komanda 9 səfər oyunundan yalnız 2-də qalib gəlib. “Qarabağ” Ukraynanın “Dnepr” (2014/2015) və Yunanıstanın PAOK (2016/2017) komandalarını 1:0 hesabı ilə məğlub edib.
- “Qarabağ” cari avrokubok mövsümündə səfərdə yalnız 2 qol vursa da, yalnız “Şerif”ə uduzub.
Komandalar arasında əlaqə
- “Qarabağ”ın futbolçusu Simeon Slavçev 2014 - 2018-ci illərdə müqavilə üzrə “Sportinq”ə məxsus olub. Lakin bolqarıstanlı yarımmüdafiəçi Lissabon təmsilçisinin əsas komandasına qarşı oyun keçirməyib və əsasən icarəyə verilib.
- “Qarabağ”ın polşalı müdafiəçisi Yakub Jezniçak kapitanı olduğu “Legia”nın heyətində “Sportinq”ə qarşı yarısı 1/16 finalda (2011/2012), yarısı isə qrup mərhələsində (2016/2017) olmaqla, 4 oyuna çıxıb.
- “Sportinq”in hücumçusu Lük Kastanyos Hollandiyanın “Tvente” komandasının heyətində “Qarabağ”a qarşı oynayıb. Hollandiyalı forvard Avropa Liqasının 2014/2015 mövsümünün pley-off mərhələsinin cavab oyununda Ağdam təmsilçisinə qol da vurub. O, evdəki görüşdə hesabı açsa da, matç 1:1 hesabı ilə yekunlaşıb və evdə qolsuz heç-heçə edən “köhlən atlar” ilk dəfə qrupa düşüblər.
Baş məşqçilər
- 2004/2005 mövsümündə “Sportinq”i UEFA Kubokunun finalına çıxaran Joze Pezeyru bu ilin yayından yenidən komandanın sükanı arxasına keçib. 58 yaşlı portuqaliyalı mütəxəssis İspaniyanın “Real Madrid” komandasında sabiq baş məşqçi Karluş Keyruşun köməkçisi olub, Avropanın və Yaxın Şərqin bir sıra komandasına rəhbərlik edib. Həmçinin, o, Səudiyyə Ərəbistanı yığmasının baş məşqçisi olub. Pezeyru sonuncu dəfə 2016/2017 mövsümündə “Braqa”da işləyib.
- Qurban Qurbanov Azərbaycan millisinin ən yaxşı bombardiridir. O, 64 matça 12 qol vurub. Futbolçu karyerasında çoxlu sayda klub dəyişən 46 yaşlı mütəxəssis məşqçi işində “Qarabağ”da lövbər salıb. Qurbanov bu ilin avqustunda Ağdam komandasının sükanı arxasında 10 illiyini qeyd edib. Qurbanov bu müddətdə ardıcıl 5 dəfə ölkə çempionu olub və 4 dəfə Azərbaycan Kubokunu götürüb. O, 2017-ci ilin noyabrından paralel olaraq Azərbaycan millisinə də rəhbərlik edir.report