Azərbaycan millisi UEFA Millətlər Liqasında növbəti oyununa çıxır
09:49 - 10 Sentyabr 2018 - İDMAN
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında ikinci oyununu keçirəcək.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Ta Qali Milli stadionunda Malta yığmasının qonağı olacaq.
Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
D liqasının III qrupunda yer alan komandalar ilk matçlarda fərqli nəticələr göstəriblər. Meydan sahibləri səfərdə Farer adalarına 1:3 hesabı ilə uduzubsa, qonaqlar Bakıda Kosovo yığması ilə heç-heçə edib – 0:0.
Malta və Azərbaycan komandaları indiyə qədər 6 dəfə qarşılaşıblar. 1994, 2000 və 2002-ci illərdə baş tutan duellərdə “cırtdanlar” müvafiq olaraq, 5:0, 3:0 və 1:0 hesabları ilə qalib gəliblər. Bu görüşlərdən ikisi yoldaşlıq matçı olub, biri isə beynəlxalq turnirə təsadüf edib.
Milli 2013-cü ildə keçirilən yoldaşlıq oyununda tilsimi qıraraq 3:0 hesabı ilə qalib gəlib. 2016-cı il Avropa çempionatının seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan maltalılar Bakıda 2 cavabsız qolla uduzuduqları halda, evdə heç-heçə ediblər – 2:2.
Malta millisi bu il keçirdiyi 5 oyunun heç birində qələbə qazana bilməyib. Rəqib Farer adaları ilə yanaşı, yoldaşlıq matçlarında Lüksemburq (0:1), Finlandiya (0:5) və Gürcüstan (0:1) uduzub, Ermənistanla isə heç-heçə edib (1:1).
Ötən ilin noyabrında baş məşqçi təyin olunan Q.Qurbanov Kosovo ilə matçdan əlavə, komandanı 6 yoldaşlıq görüşünə çıxarıb. Moldova (0:0) və Makedoniya (1:1) ilə heç-heçə edən yığma, Belarusla (0:1) Qazaxıstana (0:3) uduzsa da, Qırğızıstan (3:0) və Latviyanı məğlub edib (3:1).
22:45. Malta – Azərbaycan
Baş hakim: Nikola Dabanoviç
Yan xətt hakimləri: Milutin Cukiç, Yovitsa Tatar
Dördüncü hakim: Aleksandar Cikanoviç
Əlavə köməkçi hakimlər: Milovan Milaçiç, Miloş Boşkoviç (hakimlər briqadası Montoneqrodandır)
Hakim-inspektor: Luk Vilymas (Lüksemburq)
UEFA nümayəndəsi: Qrem Hover (İngiltərə)
Malta. Ta Qali Milli stadionu
Report