““Qarabağ”a transfer olmaq riskli addım idi. Əgər Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasaydıq, transferimi uğurlu adlandırmaq olmazdı. Amma mən riskə getdim və Simeon Slavçevin kim olduğunu Avropada göstərmək istədim".
Bu sözləri "Qarabağ"ın bolqarıstanlı yarımmüdafiəçisi Simeon Slavçev deyib. 24 yaşlı futbolçu özünü "Qarabağ"da xoşbəxt hiss etdiyini deyib: "Qarabağ"da xoşbəxtəm. Bura istədiyim yerdir. Sabit olaraq, çıxış edirəm. Bu da vacib amildir. Komandamızda yaxşı futbolçular var. Bu oyunçularla birgə "Sportinq"ə qarşı layiqli oynamaq istəyirəm. Arzum "Sportinq"lə eyni qrupa düşmək idi".
Slavçev "Sportinq"dən ayrılmağından danışıb: "Klubda vəziyyət yaxşı deyildi. Ara qarışmışdı, xaos hökm sürürdü. Mənim barədə yanlış qərarlar verildi. Oyunçu keyfiyyətimə düzgün davranılmadı. Necə futbolçu olduğumu göstərmək şansı verilmədi. Mənim razılığım olmadan qərarlar verilirdi. "Sportinq"də oynamaq üçün özümü yaxşı futbolçu hesab edirdim. Özümü göstərmək üçün əla fürsət qazanmışam".
Bolqarıstan millisinin üzvü "Sportinq"ə keçməsinə görə peşman olmadığını deyib: "Buna baxmayaraq, Lissabonda çox təcrübə qazandım. Buna görə də təəssüflənməli deyiləm. Amma bu müddətdə yaxşı inkişaf edib, yuxarı yerlərə gedərək, Bolqarıstan futbolunda iz qoya bilərdim. "Sportinq"ə keçəndə gənc idim və perspektivli futbolçu hesab edilirdim. Öz gücümə və keyfiyyətimə bələd idim".