"Komandamı çətin qələbə münasibətilə təbrik edirəm. Matçın bizim üçün çətin olacağını bilirdik. Çünki "Şerif" üçün ötən müddətdə də ağır oyunlar olmuşdu. İslandiya "Valür"ü ilə Avropa Liqasının III təsnifat mərhələsinin görüşlərini və "Milsami" ilə ölkə çempionatı matçlarını nəzərdə tuturam. Hazırlıq üçün vaxtımız çox az idi".
Bunu Moldova "Şerif"inin baş məşqçisi Qoran Sabliç evdə "Qarabağ"ı 1:0 hesabı ilə yendikləri Avropa Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 39 yaşlı mütəxəssis ikinci qolu vura bilməmələrinə təəssüfünü gizlətməyib: "Futbolçularım bütün istəklərimi yerinə yetirdi. Taktiki cəhətdən yaxşı çalışdıq, oyun intizamı lazımi səviyyədə idi. Əlbəttə, ikinci qolu vurmamağımıza təəssüflənirəm. Topa yiyələnmənin "Qarabağ"ın tərəfində olacağını gözləyirdik. Sürətli hücum və əks-hücum üçün məqam gözləyirdik. Fikrimcə, bu, pis alınmadı. Amma ikinci qolu vurmaq üçün imkanlardan yararlana bilmədik". Xorvatiyalı baş məşqçi "Qarabağ"ın ciddi imkanlar yaratmadığını da vurğulayıb: "Belə topla oynayan komandanın qol vəziyyətləri yaradacağını düşünürdük. Lakin xatırladığım qədərilə son dəqiqədəki yaxşı qol imkanınadək rəqib elə topla hərəkət edirdi. Hansısa ciddi epizod yarada bilmədilər. "Qarabağ"ın avrokuboklardakı oyunlarına baxmışdıq. Qurban Qurbanovun fəlsəfəsini, uzun müddət bir yerdə olduqlarını, mövqe futbolu sərgilədiklərini, cinahlar vasitəsilə sürətli oynayacaqlarını bilirdik. Buna uyğun olaraq, yaxşı hazırlaşmışdıq. İnanmıram ki, rəqib cavab görüşündə belə oyun fəlsəfəsi dəyişəcək". Sabliçin fikrincə, "Şerif" bir həftədən sonra daha yaxşı vəziyyətdə olacaq: "İlk oyunda komandamız xarakter göstərdi. Belə oyunu davam etdirməliyik. Müdafiə və hücumun yaxşı çalışması, istək və yaxşı hazırlıq sayəsində belə komandaya qarşı lazımi səviyyədə oyun nümayiş etdirmək olar". Qeyd edək ki, avqustun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşü saat 21:00-da başlanacaq.