Bu gün "Qarabağ" komandası futbol üzrə Avropa Liqasının "play-off" mərhələsində ilk oyununa çıxacaq.
Rəqib Moldova çempionu "Şerif" olacaq. Tiraspoldakı "Şerif" İdman Kompleksinin stadionunda keçiriləcək qarşılaşmanı Sergey Tsınkeviçin rəhbərlik etdiyi belaruslu hakimlər briqadasına tapşırılıb. Hər iki komanda mübarizəyə Çempionlar Liqasından başlayıb. Lakin "Şerif" "Qarabağ"dan tez - II təsnifat mərhələsində Makedoniya "Şkendiya"sına iki oyunun nəticəsində (0:0, 0:1) uduzaraq, Avroliqaya keçid edib. Azərbaycan və Moldova çempionları ötən mövsüm Çempionlar Liqasının III təsnifat mərhələsində də üz-üzə gəliblər. Həmin vaxt Bakıda qolsuz heç-heçə qeydə alındığı halda, Tiraspolda "Qarabağ" 2:1 hesablı qələbə qazanıb. "Qarabağ" bugünkü oyuna itkilərlə çıxacaq. İnnosent Emeqara cəzalı, Dani Kintana zədəli olduğu üçün oynamayacaq. Eyni zamanda kapitan Rəşad Sadıqov xəstələndiyi üçün son çalışmalarda iştirak etməyib. "Şerif"də isə heyət sarıdan heç bir problem yoxdur.
Avropa Liqası, "Play-off" mərhələsi,
ilk oyun 21:00.
"Şerif" (Moldova) - "Qarabağ" (Azərbaycan)
Hakimlər: Sergey Tsınkeviç, Yevgeni Romanov, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus) Tiraspol,
"Şerif" İK stadionu