"Olimpiya"nın kapitanı: "Qarabağ" elə də optimal formada deyil"

16:42 - 10 İyul 2018 - İDMAN

Sloveniya "Olimpiya"sının kapitanı Branko İliç Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"la keçirəcəkləri oyun barədə fikirlərini bölüşüb. 

35 yaşlı müdafiəçi mətbuat konfrasında "Qarabağ"ın Bolqarıstanın "Ludoqorets" və Ukraynanın "Dinamo" (Kiyev) komandaları ilə Avstriya toplanışındakı yoxlama oyunlarına baxdıqlarını bildirib. Onun fikrincə, Azərbaycan təmsilçisi bu görüşlərdə yaxşı oynamaq üçün lazımi keyfiyyətə malik olduğunu göstərib: "Bununla yanaşı, komanda ciddi dəyişikliyə məruz qalıb və elə də optimal formada deyil. "Qarabağ" yaxşı komanda olsa da, biz özümüzə inanırıq və inkişafa nail olmuşuq. Fikrimcə, mərhələ adlayacağımıza ümid edə bilərik. Düşünürəm ki, indiyədək yaxşı işlər görmüşük". 

İliç yeni baş məşqçi İliya Stolitsanın oyun üslubundan da danışıb: "Stolitsa rəqibi bizim oyunla ayaqlaşmağa məcbur etməyimizi istəyir. Biz bunun üzərində işləyir, təhlillər aparır, səhvlərimizi düzəldirik. Sabah qələbə qazanacağımıza söz verə bilmərəm. Çox yaxşı oynamağa çalışacaq və ötənilki nəticəni təkrar etməmək üçün hər şeyi edəcəyik".

Qeyd edək ki, iyulun 11-də Lyublyanadakı "Stojitse" stadionunda keçiriləcək "Olimpiya" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlanacaq. report

Xəbər xətti