Bu gün dünya çempionatında 1/4 final mərhələsinə start veriləcək.
Ucnoqta.az Qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 yarımfinalçı müəyyənləşəcək. Əvvəlcə meydana Fransa və Uruqvay çıxacaq. Hər iki komanda əvvəlki mərhələdə güclü rəqibi mübarizədən kənarlaşdırıb. Fransa Argentinanı evə göndərdiyi halda, Uruqvay Portuqaliyaya qalib gəlib. Həm Fransanın, həm də Uruqvayın hücum xətti əzəmətlidir. Avropalılarda Qrizmann, Mbappe, Jiru, əks düşərgədə isə Suarez-Kavani tandemi daim rəqibləri həyəcanda saxlayır.
Portuqaliya ilə matçda dubl etməklə komandasının qələbəsində böyük pay sahibi olmuş Kavaninin bugünkü matçda iştirakı sual altındadır. Onun yoxluğu Fransa üçün böyük üstünlük olacaq. Avropalıların heyətində sarı vərəqə cəzalısı Blaize Matuidi meydana çıxmayacaq.
Günün ikinci oyununda da Cənubi Amerika və Avropa təmsilçisi üz-üzə gələcək. Mundialın favoritlərindən olan Braziliya Belçikanı sınağa çəkəcək. Tərəflərin hər ikisi qrup mərhələsini birinci yerdə bitirib. Əvvəlki mərhələdə Braziliya Meksikanı 2 cavabsız qolla üstələdiyi halda, Belçikanı Yaponiyanı çox çətinliklə məğlub edib.
Belçika matça tam heyətlə çıxacağı halda, Braziliyada itkilər var. Əsas heyət üzvü Kazemiro sarı vərəqə cəzalısıdır. Danilo zədə səbəbindən meydana çıxa bilməyəcək. Digər zədəli Duqlas Kostanın isə Belçikaya qarşı oynayıb-oynamayacağı sual altındadır.
Dünya çempionatı
1/4 final
6 iyul
18:00. Uruqvay - Fransa
Hakimlər: Nestor Pitana, Hernan Maydana, Xuan Belatti (hamısı Argentina), Alireza Faqani (İran)
Nijni Novqorod stadionu
22:00. Braziliya – Belçika
Hakimlər: Milorad Majiç, Milovan Ristiç, Dalibor Curceviç (hamısı Serbiya), Ceyr Marrufo (ABŞ)
Kazan Arena
7 iyul
18:00. İsveç - İngiltərə
22:00. Rusiya - Xorvatiya