"Neftçi” PFK-nın müşahidə şurasının və təsisçilərin növbədənkənar ümumi yığıncağı keçirilib.
Ucnoqta.az klubun saytına istinadən xəbər verir ki, iclasda əsas komandanın baş məşqçisi postuna namizədin müzakirəsi aparılıb və italiyalı mütəxəssis Roberto Bordin bu vəzifəyə təyin edilib.
Qeyd edək ki, komandanın yeni baş məşqçisi Roberto Bordin 1965-ci il yanvarın 10-da anadan olub. 2005-ci ildə futbolçu karyerasını bitirib və elə həmin ildə məşqçiliyə başlayıb. İtaliyanın "Bolonya” (2005-2006), "Padova” (2006-2007), "Ellas Verona” (2007, 2010-2015), "Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın "Triestina” (2016) və Moldovanın "Şerif” (2016-2018) klublarında baş məşqçi vəzifəsində çalışıb.
Məşqçi kimi 2010-cu ildə Rumıniya çempionu olub. 2016-2018-ci illərdə çalışdığı "Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub. 2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə "Qızıl skamya” mükafatına layiq görülüb.