Premyer Liqada son oyun: "Qəbələ" "Qarabağ"la qarşılaşır

09:52 - 21 May 2018 - İDMAN

 Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2017/2018 mövsümünün son oyunu keçiriləcək.

 XXVIII turun yekununda "Qəbələ" və "Qarabağ" komandaları üz-üzə gələcək. Əslində bu görüş Qəbələ şəhər stadionunda keçirilməli idi. Lakin matçdan sonra mükafatlandırma mərasimi təşkil edəcək Peşəkar Futbol Liqası tərəflərin razılığı ilə qarşılaşmanın Bakının Suraxanı qəsəbəsindəki "Azersun Arena"da təşkilinə qərar verib.

Gənc referi Rəşad Əhmədovun idarə edəcəyi oyun hər iki komanda üçün formal xarakter daşıyacaq. Bu da artıq "Qarabağ"ın çempionluğu, "Qəbələ"nin isə vitse-çempionluğu təmin etməsi ilə əlaqədardır. Qurban Qurbanov bu görüşdən sonra diqqətini milli komandanın hazırlıq prosesinə, Roman Qriqorçuk isə mayın 28-də "Keşlə" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçına yönəldəcək.

Statistikaya əsasən, iki komanda indiyədək çempionatda 38 dəfə üz-üzə gəlib. Bunların 10-da "Qəbələ", 17-də "Qarabağ" qələbə qazanıbsa, 12 matçda heç-heçə qeydə alınıb. Topların nisbəti də Ağdam komandasının xeyrinədir - 48:36. Digər tərəfdən, 8 oyundur qonaq olan tərəf qalib gəlmir. "Qəbələ" son 3 ev oyununda quru hesablı qələbə qazanıb. Lakin bu gün matç "Qarabağ"ın stadionunda keçiriləcəyindən, "qırmızı-qaralar"ın uğurlu seriyanı davam etdirəcəkləri inandırıcı görünmür.

Qarşılaşmanın ardından təşkil olunacaq mükafatlandırma mərasimində "Qarabağ"a qızıl, "Qəbələ"yə gümüş, "Neftçi"yə bürünc, çempionatın bombardirinə isə xüsusi mükafat veriləcək. Hazırda ən məhsuldar oyunçu "Qəbələ"nin hücumçusu Baqali Dabodur. Onun aktivində 13 qol var.

Azərbaycan Premyer Liqası, XXVIII tur

21 may (bazar ertəsi)
19:00. "Qəbələ" – "Qarabağ"
Hakimlər: Rəşad Əhmədov, Rza Məmmədov, Knyaz Əmiraslanov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əli Hüseynov
"Azersun Arena".

Qeyd edək ki, turun ilk 3 oyunu qonaqların qələbəsi ilə yekunlaşıb. "Neftçi" səfərdə "Kəpəz"i, "Zirə" "Sumqayıt"ı 2:1, "Keşlə" isə "Səbail"i 1:0 hesabı ilə yenib.report

Xəbər xətti