"Neftçi"nin baş məşqçisi: "Mən komandaya gələndə 1 xalı var idi"

21:53 - 20 May 2018 - İDMAN

"Bugünkü oyuna, 3-cü yeri tutduğuna görə komandamı təbrik edirəm. Mən komandaya gələndə 1 xalı vardı. Çempionatı 46 xalla bitirdik. Mehriban ailə yaratdıq və bunun bəhrəsini gördük. Bu işdə bizə dəstək olan "Neftçi" ailəsini, fanatları, klubun əvvəlki rəhbərliyini, keçmiş prezident Orxan Hüseynzadəni, sabiq baş məşqçi Elxan Abdullayevi, bütün texniki heyəti, xadimədəyədək hamını təbrik edirəm. Bu işdə hamının əməyin var. Bu mehriban ailənin müqabilində bürünc medal qazandıq. Başda fanatlar olmaqla hər kəsə təşəkkür edirəm ki, ilboyu çətin gündə bizı dəstək oldular. Qarşımıza məqsəd qoyulmasa da, avrokuboklara çıxdıq". "Report"un məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Tərlan Əhmədov səfərdə "Kəpəz"i 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXVIII tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: - İkinci hissədə meydana çıxan Qatonu əvəzləməyiniz nə ilə bağlı idi? - Məcburi əvəzləmə oldu. Çünki müdafiəçimiz Kirilo Pertrov qırmızı vərəqə aldı. Qatonu çağırıb buna görə üzrxahlıq etdim. - "Neftçi"dəki gələcək taleyinizi necə görürsünüz: Yeni müqavilə təklifi olub? - Mənə heç bir təklif yoxdur. Mayın 31-də müqaviləm bitir, görək nə olacaq. - Ramazan ayı ilə əlaqədar futbolçulara oruc tutmağa icazə vermişdiniz? - Hər kəs seçimində azaddır. Hər bir futbolçu ixtiyar sahibidir. Özləri bilər. Heç kimə qarşı da çıxa bilmərəm, məcbur da edə bilmərəm. - Araz Abdullayevin adı "Neftçi" ətrafında hallanır. Siz də klubun yetirmələrini geri qaytarmaqda maraqlısınız... - Gələndə də demişdim ki, Araz Abdullayev, Cavid İmamverdiyev "Neftçi"nin yetirmələridir. Nəinki Araz, heç bir transferdən xəbərim yoxdur.

Xəbər xətti