AFFA lizensiya komissiyasının iclası keçirilib- bu klublara lisenziya verilmədi
15:02 - 12 May 2018 - İDMAN
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Ucnoqta.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iclasda 2018-2019-cu il mövsümündə UEFA-nın klub turnirlərində və Premyer Liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
"Qarabağ", "Qəbələ", "Neftci", “Sumqayıt”, “Zirə”
2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Kəpəz”
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”.
4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Binə”, “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, "Şüvəlan", “Zaqatala”.
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
“UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları"n (Buraxılış 2017) 13-cü maddəsinə müvafiq olaraq, 2018-2019-cu il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış olur.