“Şou-biznesdə tam yaxın olduğum dostum yoxdur”

18:26 - 3 May 2018 - Müsahibə

Leyla Ramazanlı: “Özümü çox şanslı müğənni hesab edirəm”

“İncəsənət çətin sahədir,amma bu sənətdə heç bir qurban verməmişəm. Belə  bir söz var, Allah qaldırdığı bəndəni heç kim endirə bilməz. Allah həmişə mənim üçün yol açıb. İlk mahnımı bəstəkar Eldar Mansurovdan oxumuşam, onun əli mənə düşərli olub. Daha sonralar dövlət televiziyasında aparıcı olmuşam. Ailəmiz incəsənətə meyilli olub” - bu sözləri bizimlə söhbətində daima öz sənəti ilə gündəmdə qalan, hər birimizin sevdiyi müğənni Leyla Ramazanlı söylədi. Həmin müsahibəni sizlərə təqdim edirik.

- Bu yaxınlarda “Azərbaycan” mahnınıza klip çəkdirdiniz. Mahnının və klipin ərsəyə gəlməsi haqqında danışardınız. 
- Mahnının musiqisi İsmayıl Əsədova, sözləri isə Arzu Əsədova məxsusdur. Klipin rejissoru isə Nail Naiboğludur. Çəkilişlər Bakıda dağüstü parkda, Suraxanıda Atəşgahda oldu. Şəhərin görüntülərindən çox gözəl şəkildə istifadə olundu. Klip çox qəşəng alındı. Ümumiyyətlə,  vətənpərvərlik mövzularına tez-tez müraciət edirəm.

- Kliplərinizi adətən bacınız Xavər çəkirdi, ancaq bu dəfə çəkilişi Nail Naiboğluna tapşırdınız. Bacınız sizə klip çəkməkdən imtina edib? 
- Xeyr, elə şey yoxdur (Gülür). Sadəcə bacımın da başı öz işlərinə qarışıb. Tədbirlərin birində Naillə görüşdüm və ona dedim ki, “Azərbaycan” mahnım var. O da, “ gəl çəkək” dedi. İlk iş birliyimiz olsa da, maraqlı oldu. Daha iki mahnım var, onları Xavərlə işləyəcəyəm, inşallah. Bundan əlavə işlərini çox bəyəndiyim Kamran Aydınov var. O, iki klipimin rejissorudur. Yeni bir mahnımın da klipini ona həvalə etmişəm. Kamranin zövqünü və fikirlərini çox bəyənirəm. Məncə, yaxşı alınacaq.

- Repertuarınızda milli ruhda kifayət qədər mahnılar var. 
- Düşünürəm ki, milli ruhda mahnılar ifa etmək bir azərbaycanlı olaraq bütün müğənnilərin borcudur. Məncə müğənnilər vətənpərvərliyə aid mahnılara tez-tez müraciət etsələr yaxşı olar.

- Hər mövsüm fotosessiyalar etdirirsiniz və bu mətbuatda geniş şəkildə dərc edilir. Fotossesiya bir müğənni üçün nə dərəcədə vacibdir?
- Məncə, önəmlidir. Şəkillər mütləq lazımdır, yeniliklər də etmək vacibdir. Mən tez-tez getdiyim ölkələrdə  tədbirlərdən, konsertlərdən baş açan kimi fotosessiyalar etdirirəm. Yenə də gözəl fotosessiyalarım olacaq. Fotosessiyalarım da Kamran Aydınovgil tərəfindən çəkilir. 

- Gələcək üçün nə kimi yeniliklər var?
- Bir neçə mahnım var. Biri lirika, ikincisi isə ritmikdir. Ritmiki olan mahnını bu yay tamaşaçılara təqdim etmək istəyirəm. Hazırda onun üzərində işlər gedir. Çünki mahnını kliplə birgə təqdim etmək istəyirəm. Lirik manını isə payızda təqdim edəcəyəm.

- Uşaqlıqdan səhnədəsiniz, ancaq qalmaqal hadisələrdə yoxsunuz. Bunu nə ilə əlaqələndirirsiniz? 
- Düşünürəm ki, bu birbaşa müğənninin özü ilə əlaqədardır. Əgər mən qalmaqal yaratmaq istəsəm ortaya nəsə ataram, hər hansı bir mövzuya müdaxilə də edə bilərəm. Sadəcə mən sənətə başlamazdan əvvəl bunlardan yan qaçmışam. Ona görə də, qalmaqallardan uzağam Gündəmdə mahnılarımla və sənət fəaliyyətimlə qalmışam. İstəsəm qalmaqal yarada bilərəm, özü də elə partlayar ki... Amma istəmirəm, sənətim mənə kifayətdir. Tamaşaçılar tərəfindən tanınıram, sevilirəm, mənə hörmət olunur. Bir sənətçinin öz qabında qovrula-qovrula gəlməyi hər şeydən gözəldir. 

- Eyni zamanda mədəniyyət sarayının rəhbərisiniz. Vəziyyət necədir, orda? Hər iki işi idarə etmək sizə çətin deyil ki?
- Bəli, Səttar Bəhlulzadə adına mədəniyyət sarayının direktoruyam. Hər ikisi də incəsənət sahəsidir, mənim olduğum sahədir. Buna görə də, çox rahatdır, zövqlə işləyirəm. Plana uyğun olaraq aylıq tədbirlərimiz keçiririk,tez-tez əsgərlərimiz olur. Bu görüşləri çox yüksək səviyyədə təşkil edirik. Rəqs kollektivi ilə birlikdə rayon səviyyəli tədbirlərdə balaca uşaqlarımız da çıxış edir. İstedadı olan uşaqları üzə çıxarırıq. Pianoda gözəl ifa edən, rəsm və rəqs qabiliyyəti olan uşaqlarımız çoxdur. Məsuliyyətli işdir, amma zövq alıram.

- Qarşıdan yay fəsli gəlir
- İşlər o qədər çoxdur ki, istirahətə demək olar ki vaxt qalmır. Tətilə getməyimizə hələ var. Mahnılar, kliplər üzərində işləyirik. İki yeni fotosessiya üzərində işləyirəm. Hətta, bəzən elə olur ki, heç nəyə vaxt qalmır. Bizim bu gün görüşməyimizin özü də bir qismətdir (gülür).

- Niyə keçmiş videolarınızdan və aparıcılıq etdiyiniz verlişlərdən bir klip videolent hazırlamırsınız?
- 4-5 il bundan əvvəl verilişlərin birində “Sənə aid olan videolar” yayımlanırdı. Uşaqlıq videolarım orada getmişdi. O dövrdə yaradıcılıq fəaliyyətim çox zəngin olub. Dünyanın bir çox ölkələrində konsert proqramlarında mahnı oxumuşam, rəqs etmişəm. Özümü çox şanslı müğənni hesab edirəm ki, gəldiyim yola dönüb baxanda qurur hissi keçirirəm. Böyük xalq artistlərindən dərs almışam. Atam torpaqlarımız uğrunda şəhid olub. Anam Azərbaycan incəsənətinə töhfələr verib. Yaradıcılığa həvəsimiz olduğuna görə o bizi öz yanında rəqsə və rəsmə qoydu. Üç yaşım olanda Heydər Əliyev adına sarayda  “Cücələrim”də çıxış etmişəm, o sarayın tozunu udmuşam. “Cücələrim”in ən populyar dövründə bir sıra xarici ölkələrə getmişik. Ona görə də, özümü çox xoşbəxt və şanslı hiss edirəm. Daha sonralar bu mahnını yeni aranjemanda ifa etdim. Çox gözəl qarşılandı, bunu da bir uğur hesab edirəm. Çünki hər ifaçı uşaq mahnıları ilə populyarlıq əldə etmir, gündəmə düşmür. Artıq həmin mahnın baxış sayı 10 milyonu ötüb. Getdiyim tədbirlərdə də, uşaqların mənə yaxınlaşıb “A, cücələrimi oxuyan qızdır” demələri mənim üçün ikiqat bir sevgidir.

- Çox zaman fotosessiya və kliplərinizi xaricdə çəkdirirsiniz? Niyə daha çox xaricə üz tutursunuz?
- Hansısa fotosessiyaya görə, xarici ölkəyə getməmişəm. Sadəcə, istirahətə getdiyim yerlərdə fotosessiya etdirmişəm. Yaxud konsertlər, tədbirlər, məclislər ərəfəsində fotosessiya etdirmişəm ki, həm yadigar qalsın, həm də yaradıcılığımda yenilik olsun. Ölkəmiz çox gözəldir, fotosessiya üçün mənzərəli yerləri var. Azərbaycanda da çəklişlərim çox olub.

- Şou aləmində bir qruplaşma var. Sosial şəbəkələrdə kimin kimlə dostluq etdiyini və ən yaxın dostların kim olduğunumüəyyənləşdirmək mümkündür. Bəs sizin şou aləmindəki ən yaxın dostunuz kimdir? 
- Şou-biznesdə tam yaxın olduğum dostum yoxdur. Ancaq hamı ilə münasibətim çox yaxşıdır. Düzdür, ola bilər ki, kiminsə sözü xətrimə dəyə bilər, amma o da ciddi bir şey deyil. Bəlkə də bu mənim xasiyyətimdən irəli gəlir. Mülayim və sakit təbiətim var. İnsanları sevirəm. Bu günə qədər heç kimə pisliyim dəyməyib. Çünki ailədən belə görmüşük, anam bizi belə böyüdüb. “İnstagram”da şou-biznesin 99  faizi mənim dostluğumda var. Amma hər gün görüşüb, danışdığım dostum yoxdur.

- Kompleksləriniz varmı? 
- Komplekssiz insan yoxdur, ola bilər ki, nə isə xoşuma gəlməyəndə onu deməyə bilərəm. Fikirləşə bilərəm ki, filan sözü desəm kiminsə xətrinə dəyər. Düzdür, hərdən verilişə gedəndə deyirlər ki, müğənnilərdən ad çək. Çox vaxt ad çəkmirəm. Bu mənim nədənsə qorxduğumdan irəli gəlmir. Sadəcə hər bir ifaçı, sənət insanı əziyyət çəkə-çəkə hansısa pillədə dayanır. Düşünürəm ki, o insanın işinə kölgə salmaq, tamaşaçıların içində onun barəsində xoş söz söyləməmk xoşagələn şey deyil. Gündəm xətrinə nələrsə edirlər, qalmaqal yaradırlar. Bu şou aləminin qanunudur, bunu danmıram. Amma mən bunları xoşlamıram, kimisə barəsində təhqiredici sözlər söyləyən insan da deyiləm. Bunu lazımsız sayıram. Belə kompleksim yoxdur, lap makiyajsız da şəhərə çıxa bilərəm, alçaqdaban ayaqqabı ilə də gəzə bilərəm. Düzdür, efir mədəniyyəti deyilən şey var, baxımlı, gözəl görünməlisən. Amma həyatda çox kompleksim yoxdur.

- Sizi nə özünüzdən çıxara bilər?
- Kənardan sakit insan kimi görünürəm, əslində belədir. Ancaq əsəbiləşəndə tamam başqa cür - emosional ola bilərəm. Düzdür, emosiyalarımı idarə etməyi bacarıram, təmkinli insanam. Əsəbiləşəndə qab sındırmaq və s. kimi xüsusiyyətim yoxdur. Qulaq asmağı, dinləməyi, kiminsə fikrini almağı çox sevirəm, amma sonda da öz bildiyimi edirəm (gülür). Hələ mənim əsəbiliyimi efirdə görməyiblər. Düşünürəm ki, heç göstərmək də lazım deyil. Bunlar mənə tamam uzaqdır. Evdə olan zaman əsəbiləşəndə sözümü deyirəm. İşdə kollektivlə çox gözəl yola gedirik, anlaşırıq. Dediklərimi çox gözəl başa düşürlər. İşdə və yaxud sənətimdə hirslənə bilmərəm. Sözümü deyə bilirəm, bir orta yolu tapıb problemi həll edirik. Tez də sakitləŞən insanam. Əsas olan odur ki, işimiz yaxşı getsin, sənətimiz yüksək səviyyədə olsun.

- Bəzən deyirlər ki, incəsənət qurban tələb edir. Siz bu sənət üçün nələri qurban vermisiniz?
- Ümumiyyətlə, incəsənət çətin sahədir, ora illərini verirsən. Bu sənətdə heç bir qurban verməmişəm. Belə  bir söz var, Allah qaldırdığı bəndəni heç kim endirə bilməz. Allah həmişə mənim üçün yol açıb. İlk mahnımı Eldar Mansurovdan oxumuşam, onun əli mənə düşərli olub. Daha sonralar dövlət televiziyasında aparıcı olmuşam. Ailəmiz incəsənətə meyilli olub, Babam Fərrux Ramazanov professor olub, neçə illər Azərbaycan fəlsəfəsinə xidmət edib. Digər babam İsa Əsədov “Uşaq ensiklopediyaları” kitabının təsisçisidir. Dayım şeirlər yazır, ondan mahnılar oxuyuram. Atam özü könüllü cəbhəyə yola düşüb və vətən uğrunda şəhid olub. Özü də Mədəniyyət nazirliyində çalışırdı. Ümumiyyətlə, bizim nəsil incəsənətə meyilli olub. Hər kəs kimi mənim də çətinliklərim olub. Amma ətrafımda olan insanlar sağ olsunlar, dəstək olublar. Zəhmətkeş insanam, gecə-gündüz çalışmışam. Bəzən elə olur ki, gün ərzində cəmi 2-3 saat yuxu yatıram. Sənətdə qurbanım olmayıb, amma həyatda ən böyük itki atamı itirməyib olub. Fəxr edirəm ki, atamı vətən uğrunda, torpaq uğrunda itirmişəm. Amma bununla belə, bu, həyatımın sağalmaz yarasıdır. 

Könül Əhmədova

Xəbər xətti