Şairin Tanrı sövdaları

18:22 - 2 May 2018 - Mədəniyyət

Azərbaycan poeziyasına Tanrı təsəvvürü (və bütün mərhəm metafizikası ilə Tanrı obrazı) uzun fasilədən sonra bir də keçən əsrin  70- ci illərində gəldi… Ancaq  qəti şəkildə demək olar ki, Vaqif Səmədoğlu, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə… kimi şairlərin poetik- fəlsəfi təfsirində bu  yeni bir Tanrı idi. Və əsas da o idi ki,  hər şairin öz Tanrısı, hər Tanrının da onu «yaradan» şairin idyea- estetik marağından irəli gələn öz missiyası vardı.

Şeir yazmağa (və şair olmağa!) nə vaxtdan başladığını ancaq Tanrı bilən  Dəyanət Osmanlı da öz böyük sələfləri kimi dərhal (və təbii olaraq!) O Kişinin ətəyindən yapışdı…
Mən Tanrının lal diliyəm, 
hərə bildiyin anlayır.
Ağzımda sözüm quruyub, 
hərə bir dildə oxuyur.
 
Səhranın kor bulağıyam, 
dəvələr üfürüb içər.
Türkün vahim sorağıyam, 
səsimdə yovşanlar bitir.
 
Ulu yolun sükutuyam, 
izimdən fəryad boylanır.
İtmiş ruhumun quluyam, 
kölgəmin köksü atlanır.

Ancaq bu, Vaqif Səmədoğlunun, Ramiz Rövşənin, Vaqif Cəbrayılzadənin… yox, tamamilə başqa Tanrı – Türk Tanrısıdır ki, onun ən azı I minilliyin ortalarından (ən çoxu isə e.ə. III minillikdən) gələn konkret etnoqrafik tarixi var… Və bununla belə, türklərin dünyanın müxtəlif dinlərinə (və İnsanın Tanrı axtarışlarına) ehtiramının təzahürüdür ki, həm Azərbaycan dilində, həm də Azərbaycan poeziyasının dilində Tanrı tək  deyil, Tanrı- Təla var, Allah var, İlahi var, Haqq var, Xuda var, Pərvərdigar var, Yaradan var…  Yaradana etiqad, yaradılana hörmət var…
Və ona görə də şai,r yaradılana hörmətin təzahürü olaraq Tanrısına tövsiyə verməkdən çəkinmir:

Yolsuz bir səyyaham, 
öz kölgəmin izindəyəm…
…Tanrıya tövsiyəm var: 
min illərin sınağında uduzan 
alnımdakı mənasız cümləyə 
qara bir nöqtə qoyulsun.
 
Açılsın bütün umacaqlarımız,
bitsin bu səbrin mistik əzabı.
Sən min yerə yozulan sözünün, 
mən küskün canımın sahibi olum.

Tanrı nə dərəcədə hökmlüdür onu bilmək bizə düşməz, ancaq özünə (və öz aləmində) bir «Tanrı yolu» tutub «öz kölgəsinin izi» ilə gedən şairin də «hökm»ü  var… Nəsimi «Həqq mənəm, Həqq məndədir, Həqq söylərəm» demişdi. Dəyanət birbaşa elə demir, ancaq dahi sələfindən  daha səmimi, daha təvazökar və daha analitik danışır. Əslində isə, Tanrıya qahmar durmaqla o da «Həqq mənəm» deyir:

Tanrının qoca vaxtında 
insanlıq üzərinə, 
tale- qismətin qanına yerikləyib 
alın yazısını  
dəyişmək eşqinə düşənlər var.
Ölüm- dirim fərmanında
Tanrıya ortaq bir iddiada bulunmaq 
və əkməyini göz yaşı isladanların 
bayramını kutlamaq 
zalımın görəvi olmasaydı…

İnsan Tanrı  övladıdırsa, vay o kəsin halına ki, öz Yaradanına asi olur. Ancaq Dəyanət Osmanlının poetik- metafizik interpretasiyasında İnsanın öz Tanrısına asi olmağının da izahı var:

Məni də Tanrı yaradıb deyə 
heç təsəllim olmadı.
Dar macalda tərk edənlər 
peşmanlıq içində 
xoş günüm olmadığını sanıb, 
bəlkə də, ömür boyu 
bir daha xatırlamadı.

Şair əmindir ki, İnsanla Tanrı  arasındakı münasibətlərdə bir «əğyar» (Şeytan!) var. Və ona da əmindir ki, elə bu Şeytan («əğyar») da İnsan üçün təsəvvür olunmayacaq qədər «əziz»dir:

Tanrıda insaf varsa, 
könlüm- gözüm toxtayar.
Sənin də qursağın dar,
nə sevgin yaşadar, 
nə də rəhmin 
tabutumu oxşayar,
əzizim.

Azərbaycan poeziyasının min illik tarixində nə «aşiq»in, nə də «məşuq»un mistik mənşəyi məlum deyil. Məlum olan odur ki, hər ikisi İlahi mənşəyə iddialıdır. Ancaq bütün bu iddiaların tən ortasında yenə də  bir Şeytan var…

Hikkəli dualar göyün üzündə 
didir bir- birini qarğa- quzğuntək…
Aman vermədən öldürən də, 
aman diləyən də Tanrını səslər.
İmdada  hər zaman fələk yetişər.

Dəyanət Osmanlı bütün şairlər kimi bəzən nə Tanrının tərəfindədir, nə də Şeytanın (Fələyin)… Hər şeydən əvvəl ona görə ki, şair nə Şeytan qədər üsyankardır, nə də Tanrı qədər təmkinli. Ancaq məsələnin mürəkkəbliyi burasındadır ki, Şairdə həm Tanrı, həm Şeytan var, həm də  Şairlik «diplomatiya»sı…

Əfəndim Tanrı, 
birdən anlamazsan dilimi, 
sözümdə özünü tanımazsan deyə 
mən son sözümü belə 
unutmaq zorundayam
 fani bir həyat kimi.

Bunu ancaq Şair deyə bilər!.. Bu  qədər diplomatik nitq Tanrı dərgahında ancaq Şairə məxsusdur!.. Və  bu «qələt»i heç Şeytan da eləyə bilməz!..
Böyük Vaqif Cəbrayılzadə demişdi axı: «Gülləliyin şairləri!..» Və verdiyi hökmün icrasını gözləməyə hövsələsi çatmadan özündən başlayaraq bütün şairləri son nəfəsinə qədər «güllələmişdi»…  Ancaq faydası olmadı…  «…Yerdən çıxar, Göydən yağar aşiq»…
Dəyanət Osmanlı nə qədər səmimi olsa da, yenə də iddialıdır. Çünki Şairdir… Sabir necə deyirdi?.. «Şairəm çünki, vəzifəm budur əşar yazım»…

Sevinəndə 
Tanrını dost kimi əzizlədim, 
acı çəkəndə 
düşmən kimi darıldım adına.
…Şeytankeçməz yollarda 
səbirsiz var- gəl edib
  hesab çəkməyə 
bir suçlu görmədim.

Tanrı!.. Və Yol!.. Əslində, Yol ancaq Tanrıya məxsusdur!.. Şeytanın (və Fələyin) Yolu yoxdur, Dolanbacları var ki, onun  da sonuna gedib çıxmaq mümkün deyil, onun Yoldan azmağı var.
Tanrı haqqı, Dəyanət Osmanlı gözəl deyir:

Mən bir yolçu ilan, 
sanki həyatın rəsmi 
üzümdə donmuş, 
dilimdə yollar haçalanmış, 
dişlərimdə ağıya dönmüş 
Tanrının verdiyi ruzi.

Dəyanət Osmanlı Tanrı haqqında yalnız gözəl demir, həm də onu gözəl təhlil edir… Çünki bu ilk növbədə onun özünün Tanrısıdır…

Bu sənmisən, 
Tanrım, 
verdiyin dillə əzizlənib, 
can əvəzi verdiyin sözlə söyüldün 
və güc verdiyin qolla döyüldün…

Və bu söyülən, döyülən də Şairin özüdür. Çünki Dəyanət Osmanlı özünü,  bir Şair (və İnsan) olaraqTanrı ilə sövdalarda dərk (və  təsdiq!) edir…

Nizami Cəfərov 
akademik
 
   
 
 

Xəbər xətti