Bu gün Premyer Liqada XXIV tura start veriləcək
11:39 - 21 Aprel 2018 - İDMAN
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
İlk oyun günündə bir matç baş tutacaq.
Həftənin açılış qarşılaşması “İnter Arena”da “Keşlə” ilə “Zirə” arasında olacaq.
Azərbaycan Kubokunda finala vəsiqə qazanan meydan sahibləri çempionatda da möqelərini yaxşılaşdırmaq haqqında düşünürlər. Qış fasiləsindən sonra qələbə qazanmayan qonaqlar isə tilsimi qırmaq arzusundadırlar. Lakin heyətdəki itkiləri nəzərə alsaq, zirəlilərin işinin çətin olacağını qeyd etməliyik.
Hazırda 18 xalla 7-ci pillədə qərarlaşan “Keşlə” 35 xalla 4-cü yerdəki “Zirə” ilə əvvəlki 11 çempionat oyunundan 2-də qalib gəlib, 2-də uduzub. Yeddi qarşılaşmada isə qalib müəyyənləşməyib. Zirəlilər 7 matçdır meydanı qolsuz tərk etmir. Son 7 oyunda qonaq tərəf məğlub olmur.
Bazar günü bütün diqqətlər Sumqayıta yönələcək. Buna səbəb “Qarabağ”ın ardıcıl 5-ci, ümumilikdə,+
6-cı dəfə çempionluğu rəsmiləşdirmək ehtimalıdır. Bunun üçün Ağdam klubunun səfərdə qış fasiləsindən sonra Premyer Liqada uduzmayan “Sumqayıt”ı məğlub etməsi lazımdır. Lakin Azərbaycan Kubokunda mübarizəni dayandıran meydan sahibləri avrokuboka düşməkdən ötrü hazırda 39 xalla qərarlaşdıqları 3-cü pilləni qorumaq niyyətindədirlər.
“Sumqayıt” əvvəlki 23 oyundan 4-də qələbə qazandığı halda, 16 dəfə “Qarabağ” qələbəni bayram edib. Ardıcıl 10 matçdır meydanı qolsuz tərk etməyən Ağdam klubu bu matçlarda məğlub olmayıb.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Gənclər şəhəri”ndə 3 xal qazanmadan da çempionluğu bayram edə bilər. Bunun üçün eyni vaxtda start götürəcək “Neftçi” – “Qəbələ” duelində qonaqların xal itirməsi şərtdir.
“Qırmızı-qaralar” aprelin 18-də Azərbaycan Kubokunun cavab yarımfinal görüşündə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edərək finala yüksəlib. Lakin 42 xalla 2-ci pillədə qərarlaşan qəbələlilərin mövqeyini itirmək qorxusu var. Avrokubok ümidi çempionata qalan “ağ-qaralar” üçün qələbə daha vacibdir. Hazırda 34 xalla 4-cü pillədə olan “Neftçi” durumunu yaxşılaşdırmaq ötrü qalib gəlməlidir.
Əvvəlki 39 oyundan 16-da “Neftçi”, 15-də isə “Qəbələ” 3 xala sevinib. Bakılılar son 4 matçı qolsuz tərk etməyib. “Ağ-qaralar” son 8 ev oyununda yalnız 1 qələbə qazanıblar.
Turun digər oyunu isə alt pillələrdə qərarlaşan “Səbail” və “Kəpəz” arasında olacaq. Meydan sahibləri 19 xalla 6-cı, qonaqlar isə 12 xalla sonuncu sıradadır. Komandalar arasındakı əvvəlki hər üç matçda minimal fərq qeydə alınıb. İki dəfə qələbə qazanan “Səbail” bütün matçlarda qol sevinci yaşayıb.
Report