Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının genişləndirilməsi üçün FIFA-ya müraciət edib. Ucnoqta.az Trend-ə istinadən xəbər verir ki, FIFA prezidenti Canni İnfantino həmin turnirdə 48 komandanın iştirak etməsi fikrinin müzakirə olunacağını deyib.
Bu fikrə Avropa futbol klublarının qarşı çıxacağı gözlənilir.
Qətərdə keçiriləcək dünya çempionatında 32 komandanın iştirak etməsi planlaşdırılır. Bu ilin yanvarında FIFA İcraiyyə Komitəsi 2026-cı il dünya çempionatının 48 komanda ilə keçiriləcəyinə qərar vermişdi.
2022-ci il dünya çempionatının iştirakçılarının sayının artırılacağı təqdirdə, turnirin bəzi oyunlarının qonşu ölkələrdə keçirilməsi ehtimal olunur.
Qeyd edək ki, Qətərin iqlimi ilə əlaqədar 2022-ci il dünya çempionatının noyabr-dekabr aylarında keçirilməsi nəzərdə tutulur ki, bu addım özü Avropa klublarının etirazı ilə qarşılanıb.