“Yazdığım məktuba düz 11 ay cavab ala bilmədim”

14:15 - 12 Aprel 2018 - Müsahibə

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri: “Yaxşı oxuduğum fənlərdə rəqibim olmayıb”

“Həyat yoldaşım deyir ki, sənə görə işsiz qaldım” 

“Yemək bişirməyi də hərbi xidmətdə olanda öyrənmişdim. Yataqxanada qalanda da bişirirdim. Otaq yoldaşım yaxşı hinduşka sousu bişirirdi. Mənim də əl qabiliyyətim yaxşı idi, yeməklərim dadlı olurdu.
Hazırda isə mətbəxə girmirəm, heç məni ora buraxan da yoxdur (Gülür). İşimiz ağır olduğu üçün maaşımız yaxşı idi, işə görə gəzməyə çox vaxtımız olmasa da evdə yaxşı yeməklər bişirirdik. Arada boş vaxtımız olanda Nərimanov kinoteatrında hind kinolarına baxmağa gedərdik” – bu sözləri bizimlə söhbətində 92-93-cü illərdə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin başçısı, Prezidentinin İcra Aparatının Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində çalışan, 2000-ci ildən isə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası qeyri-hökumət təşkilatının icraiyyə komitəsinin sədri olan Sahib Məmmədov dedi. Həmin söhbətdən alınan maraqlı müsahibəni sizlərə təqdim edirik.

“Bir dəfə gün ərzində 160 kiloqram pambıq yığmışdım”

Müsahibimizin sözlərinə görə uşaqlığı 60-cı illərə təsadüf edib. Belə ki, 1962-ci il dekabr ayının 15-də Ucar rayonunun Müsüslü kəndində dünyaya göz açıb: “Atam dəmiryolçu olduğuna görə bizim iki yerdə - Qaradağ rayonunun Ələt qəsəbəsində və Ucar rayonunun Müsüslü kəndində evimiz olub. Həm o evdə, həm də bu evdə qalırdıq. 6 uşaqlı ailənin sonbeşiyi olmuşam. Mən dünyaya gələndə atamın 65 yaşı olub. 4 yaşında olanda isə artıq atam dünyasını dəyişmişdi. Buna görə də uşaqlığım o qədər də rahat olmayıb. Məktəbdə oxuyan zaman bağdakı meyvələrdən yığıb aparıb yolun kənarında satırdıq. Bundan başqa bəzən pambıq yığmağa gedirdik. Bir dəfə gün ərzində 160 kiloqram pambıq yığmışdım, bu da 16 manat pul edirdi. Amma deyim ki, bu sahədə qabaqcıl deyildim. Dərslərdən azad edib məhsul yığımına cəlb ediləndə mən o qədər də fəal olmurdum. Yol kənarında meyvə satıb qazandığım pulu evdə heç kimə vermirdim. Həmin pulla il boyu özümü idarə edir, məktəb xərclərimi ödəyirdim. Uşaq vaxtı həmişə velosipedimin olmasını çox istəsəm də, olmayıb”.

“Ona görə də məni məktəbdən qovdular ”

Müsahibimiz deyir ki, uşaq vaxtından ayıq-sayıq olub:
“Məktəbdə əsas humanitar fənləri, coğrafiya və tarixi yaxşı bilirdim. Uşaq vaxtı bir müddət xəstəlik keçirdim, ona görə riyaziyyatdan da geri qaldım, zəiflədim. Bütün fənlərdən əla qiymətlərlə oxuyan şagird olmamışam. Amma yaxşı oxuduğum fənlərdə də rəqibim olmayıb. Məktəbdə nadinc şagird olmamışam, nə şüşə sındırmamışam, nə dava etməmişəm. Sadəcə intizam qaydalarını pozurduq, müəllimlərin sözünə baxmırdıq. Haqsızlıq olanda mən etiraz edirdim, sözümü deyirdim. Ona görə də məni məktəbdən qovublar. Sinfimizin oğlanları da mənə görə 1 həftə dərsə getmədilər ”.

Birinci il universitetə qəbul ola bilməyib...

Orta məktəbi 80-ci ildə bitirən Sahib müəllim deyir ki, həmin ili universitetə qəbul ola bilməyib: “Amma buna baxmayaraq vaxtımı boşa sərf etməmək üçün texniki məktəblərin birində qaynaqçı təhsili aldım. Onu da bitirən kimi 81-ci ildə məni Şimali Qafqazda Elbrus zirvəsinin altında rəsədxana tikintisinə göndərdilər. Orda bir müddət çalışdım, daha sonra məni hərbi xidmətə çağırdılar. Bu zaman Bakıya qayıtdım və hərbi xidmətə qədər Teleqüllənin tunelində tikintidə fəaliyyət göstərdim. Bundan sonra isə  hərbi xidmətə yola düşdüm ”. 

“Hərbi xidmətim çətin keçib” 

Müsahibimiz 81-ci ilin oktyabr ayından 84-cü ilin noyabr ayına kimi Sakit Okean donanmasında xidmət edib:
“Sakit Okean Donanmasının 17-ci Operativ Eskadrasının tərkibində Cənubi Vyetnamda Kam-Ran yarımadasında, həmin eskadranın tərkibində Yeməndə, Efiopiyanın Daxlaq adasında, Polşanın Qdınıya vilayətində xidmətimi davam etdirmişəm. Ən sonda isə Baltik Donanmasından evə buraxılmışam. Hərbi xidmətlərinə görə “Uzaq səfərlərə görə” medalı ilə və digər hərbi təltiflərə layiq görülmüşəm. Hərbi xidmətim çətin keçib, tropik ölkə idi, ağır idi. Polşada olarkən sovet sisteminə qarşı məndə artıq nifrət hissi formalaşmışdı. Gəmidə komsomol təşkilatının katibi, eyni zamanda gəmidə 7-8 ictimai vəzifəm var idi. Orada polyaklar gizli anti-sosialist mətbuatını buraxırdılar. Polyak dilini bir az bildiyim üçün həmin qəzetlərdən oxuyurdum, buna görə məni tutdular. Tribunal qorxusu var idi, amma böyük ictimai vəzifələr daşıdığıma görə məni buraxdılar, tribunala vermədilər, həbs etmədilər”.

“Elə o gündən bəri həmin təşkilatın dəyişməz rəhbəriyəm” 

Sahib müəllim hərbi xidmətdən qayıdandan bir neçə il sonra Bakı Dövlət Universitetinə coğrafiya fakültəsinə qəbul olub:
“Bundan əlavə bir neçə başqa təhsilim də var. Polşada insan hüquqları üzrə təhsil almışam. Tələbə olan zaman artıq hərəkat illəri başlamışdı. Onda bir neçə dostumla birlikdə yarım gizli təşkilat yaradıb, adını da Həmkarlar İttifaqı Birliyi qoyduq. O vaxtı təhlükəsizlik orqanları bizi izləyirdi. Sonra milli azadlıq hərəkatı güclənəndə artıq biz onun içərisində idik. Mənim sonrakı həyatım milli azadlıq hərəkatı ilə bağlı oldu. Xalq cəbhəsi hakimiyyətə gələndə onun nümayəndəsi kimi hakimiyyətdə təmsil olundum. Əvvəl Yasamal rayon icra hakimiyyətinin başçısı işlədim. Daha sonra Prezident aparatında ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri oldum. İyun hadisələrindən sonra vəzifəmdən öz xahişimlə getdim. Daha sonra neft-qaz sənayesi işçilərinin həmkarlar ittifaqında işlədim. O ittifaqı da yoldaşlarla birlikdə özümüz yaratmışdıq. Amma BP şirkəti də daxil xarici şirkətlər müstəqil həmkarlar ittifaqlarını sevmirdi, ona görə də 97-ci ildə onu məhv etdilər. Bundan sonra Vətəndaşların Əmək hüquqlarının müdafiəsi liqası qeyri hökumət təşkilatını təsis etdik. Elə o gündən bəri həmin təşkilatın dəyişməz rəhbəriyəm ”. 

“Yazdığım məktubun cavabını düz 11 ay gözlədim”

Sahib müəllim bildirir ki, o hərbi xidmətdə olanda Vyetnamda ara-sıra vəziyyət gərginləşirmiş :
“Belə ki, ayda bizə bir dəfə vertolyot vasitəsilə poçt və siqaret gətirilirdi. Amma vəziyyət gərginləşən zaman vurulma təhlükəsi olurdu deyə vertolyot gəlmirdi. Həmin zaman da siqaretsiz və poçtsuz qalırdıq. İndi müasir kommunikasiya əsrdir deyə gənclər belə şeyləri başa düşmür. O vaxtı belə şeylər yox idi, ayda bircə dəfə gələn məktubu oxuyurduq, cavab yazırdıq və bundan da çox sevinirdik. Evdə məndən bir neçə dəfə məktub almışdılar. Amma vertolyot gəlmədi deyə yazdığım məktubu aparıb gətirən olmadı. Bundan sonra elə oldu ki, bizi uzaq səfərə göndərdilər. Okeanda olanda məktub yazırdıq, sovet ticarət gəmiləri ilə qarşılaşanda onlara verirdik ki, limana gedəndə ordan yola salsınlar. Mən orda yazdığım məktuba cavabı düz 11 ay sonra aldım ”.

“Əl qabiliyyətim yaxşı idi, yeməklərim dadlı olurdu” 

Müsahibimizin sözlərinə görə, tələbə olan zaman yaxşı fəaliyyətinə görə ona fəhlə yataqxanasından yer veriblər: “Artıq 90-cı ildə Bakıda mənzil almışdım. Ağır iş şəraitində işləyirdik deyə mənzili tez aldıq. Yemək bişirməyi də hərbi xidmətdə olanda öyrənmişdim. Yataqxanada qalanda da bişirirdim. Otaq yoldaşım yaxşı hinduşka sousu bişirirdi. Mənim də əl qabiliyyətim yaxşı idi, yeməklərim dadlı olurdu. Hazırda isə mətbəxə girmirəm, heç məni ora buraxan da yoxdur (Gülür). İşimiz ağır olduğu üçün maaşımız yaxşı idi, işə görə gəzməyə çox vaxtımız olmasa da evdə yaxşı yeməklər bişirirdik. Arada boş vaxtımız olanda Nərimanov kinoteatrında hind kinolarına baxmağa gedərdik. Həmin dövrdə hind kinolarına maraq güclü idi. Bundan əlavə voleybol oynamağı çox sevirdim”.

“Həyat yoldaşım mənə görə işsiz qaldı”

Ailə qurmaq məsələsinə gəlincə isə, müsahibimiz deyir ki, yoldaşı ilə tanışlıqları qohumlar vasitəsilə olub:
“O Bakıda, mən isə rayonda doğulmuşdum. Həmin dövr çətin illər olduğu üçün bizi qohumlar tanış etmişdi. O, Pedaqoji Universitetin məktəbəqədər pedaqogika və psixologiya ixtisasını bitirmişdi. Mənimlə evlənənə qədər dövlət orqanlarında işləyirdi. Amma 93-cü ildə hakimiyyət dəyişəndə müxalifətçi xanımı kimi işdən gedəsi oldu. Uzun müddət işsiz qaldı. Bundan sonra Universitetlərin birində bir neçə il işlədi. Hazırda işləmir.İndinin özündə də həyat yoldaşım deyir ki, sənə görə işsiz qaldım”.

“Həmin vaxtdan indiyə kimi ağzıma göbələk dəyməyib”

Sahib müəllim deyir ki, rəsədxanada işləyən zaman onları iməciliyə aparıblar: “Oradan qayıdanda xeyli göbələk yığıb gətirdik. Dostlarımızdan biri göbələyi yaxşıca qızartdı, üzərinə də yumurta vurdu. Həmin göbələyi oturub ləzzətlə yedik. Bu zaman balkarlardan biri içəri gəlib göbələk yediyimizi gördü. Dedi ki, göbələk yığdığımız yerdə zəhərli göbələklər çoxdur. Biz yığdığımız göbələkləri ona təsvir edəndən sonra məlum oldu ki, göbələklər zəhərlidir. Göbələyi bişirən dostumuz isə qonşularındakı ailənin gözlərinin qarşısında göbələkdən zəhərlənib can verdiklərini danışdı, zəhərlənmənin necə baş verdiyini bizə izah etdi. Öyrəndik ki, əvvəl qarında küt ağrılar başlayır, sonra qızdırma olur, tər gəlir. Dedilər ki, 6-7 saat ərzində zəhərlənmə özünü göstərməlidir. Bir azdan hamımızda həmin əlamətlər özünü göstərməyə başladı. Həmin 6-7 saatı necə keçirdiyimizi bilmədik. O vaxt mən dedim ki, əgər sağ qalsam, bir də göbələk yeməyəcəyəm. Sən demə, yediyimiz zəhərli göbələk deyilmiş, sadəcə qorxumuzdan halımız dəyişmişdi. Həmin vaxtdan - 81-ci ildən indiyə kimi ağzıma göbələk dəyməyib” .

Könül Əhmədova

Xəbər xətti