Bu gün Premyer Liqanın XXII turuna yekun vurulacaq

10:54 - 8 Aprel 2018 - İDMAN

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura yekun vurulacaq. Son oyun günündə iki matç baş tutacaq. Əvvəlcə qış fasiləsindən sonra uğursuz qrafik cızan “Zirə” “Qəbələ”ni qəbul edəcək. Hazırda 34 xalla 4-cü sırada qərarlaşan meydan sahibləri bu qarşılaşmaya dönüş nöqtəsi kimi baxırlar. Topladığı 40-la 2-ci yerdə olan qonaqlar isə çempionluq mübarizəsindən qopduqları üçün son matçlarda inamsız təsir bağışlayırlar. Bu kollektivlərin əvvəlki 11 çempionat görüşündən 3-də “Zirə”, 4-də isə “Qəbələ” qələbə qazanıb. Qəsəbə təmsilçisi son 8 oyunda yalnız birində “qırmızı-qaralar”ı məğlub edib. Turun son oyunu Neftçi” və “Sumqayıt” arasında olacaq. Bu komandaların Avropa Liqasına vəsiqə verən pillələr uğrunda mübarizə aparmaqları öz yerində, Kamran Quliyevin qış fasiləsindən sonra Sumqayıt klubunun prezidenti postunu tərk edərək, “ağ-qaralar”a rəhbərlik etməsi intriqaya səbəb olub. Quliyevin “Neftçi”dəki debütünü 2:0 hesablı qələbə ilə korlayan Samir Abasovun komandası səfərdə də qalib gəlmək niyyətindədir. Lakin “Sumqayıt”dan sonra III dövrənin ən yaxşı komandası olan meydan sahibləri də qələbə əzmindədirlər. Bu komandaların əvvəlki 23 qarşılaşmasından 12-də “Neftçi”, 9-da isə “Sumqayıt” qələbəni bayram edib. Son 6 dueldə meydan sahibi olan tərəf 3 xal əldə edib. Hazırda 35 xala malik qonaqlar 3-cü, “ağ-qaralar” isə 30 xalla 5-ci sıradadırlar. Report

Xəbər xətti