“Khazar” avtomobilləri xaricə ixrac olunacaq

15:52 - 6 Aprel 2018 - Xəbər

Zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır

Aprelin 5-də bir qrup iqtisadçı-ekspert və KİV nümayəndəsi Neftçala Sənaye Məhəlləsində olub, burada görülən işlər və bu yaxınlarda istifadəyə verilmiş “Khazar” Avtomobil Zavodunun fəaliyyəti ilə əyani tanış olublar. Ekspertlər və KİV nümayəndələri “Khazar” Avtomobil Zavodunun istehsal prosesi və hazır avtomobilləri ilə tanış olub, onları maraqlandıran suallar cavablandırılıb.Məlumat verilib ki, martın 29-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir. Zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir.

  “Azərmaş” ASC və “İran Khodro” şirkətlərinin birgə yaratdığı zavodun ümumi dəyəri 15 milyon ABŞ dollarıdır. Zavodun səhmlərinin 75%-i “Azərmaş” ASC-yə, 25%-i isə “İran Khodro” şirkətinə məxsusdur. 10 hektar ərazidə tikilmiş avtomobil zavodunun illik istehsal gücü 10 min avtomobildir. Zavodda İran İslam Respublikası və Avropanın aparıcı ölkələrinin müasir texnologiyalar, avadanlıq və mexanizmləri əsasında "Runna", "Samand", "Soren", "Dena", "Peugeot-206", "Peugeot-207", "Renault-Tondar", "Renault-Pickup" kimi avtomobil modelləri istehsal olunur. “Khazar” Avtomobil Zavodunda istehsal edilən avtomobillər AVRO-5 və beynəlxalq təhlükəsizlik standartlarına tam uyğundur. Bu avtomobillər “Made in Azerbaijan” brendi altında həm yerli, həm də xarici bazarlara çıxarılacaq. İldə 2 min avtomobilin ixracı planlaşdırılır. Bu avtomobillərin MDB, Yaxın Şərq və Afrika ölkələrinə ixracı nəzərdə tutulur. “Khazar” Avtomobil Zavodunun tikintisi məqsədilə Azərbaycan dövləti tərəfindən xüsusi dəstək tədbirləri göstərilib, müxtəlif vergi güzəştləri və azadolmaları tətbiq edilib, zəruri infrastruktur yaradılıb. Bu dəstək tədbirləri nəticəsində zavodun tikintisi zamanı təqribən 5 milyon ABŞ dollarına qənaət edilib.

 Bütün bunlar isə avtomobillərin daha ucuz qiymətə istehsalında və satışında önəmli göstəriciləridir. Zavodda 300 nəfər işlə təmin olunacaqdır. Neftçala Sənaye Məhəlləsində Avtomobil Zavodunun yaradılması bir sıra köməkçi istehsal və xidmət sahələrinin inkişafı üçün də əlverişli imkan yaradır. 

 


Xəbər xətti