"“Afrin” marşı mənim qəlbimin səsi idi"

09:00 - 7 Aprel 2018 - Müsahibə

Sevinc Tofiqqızı: “Əgər şeirdəki söz məni tutdusa, zövqümü oxşadısa mütləq ona mahnı bəstələyirəm”

Musiqi həyatdır, candır, gözəllikdir. Onu ərsəyə gətirmək isə asan məslə deyil. Qəlblərdən süzülən sözləri, musiqini notlara tökmək bir o qədər məsuliyyətli və çətin sənətdir. Bugünkü qonağımız bu sənətin keşiyində dayanan, tanınmış bəstəkar Sevinc Tofiqqızıdır. Sevinc xanım daha çox vətənpərvər mahnıları ilə tanınır. Gündəmdə olan vətənpərvər mahnıları ilə nəinki ölkə daxilində, hətta Türkiyədə belə kifayət qədər sevgi qazanıb. Elə onun yenicə bəstələdiyi “Afrin marşını” buna misal gətirə bilərik. Bəstəkar bu mahnısı ilə yerli və xarici mətbuatın diqqətini çəkib. Biz də bəstəkarın yeni layihəsi ilə bağlı onunla söhbət etdik. 

- Siz vətənpərvər ruhda mahnılar yazırsınız. “Afrin marşı” da bunlar sırasındadır. Maraqlıdır, bu əsərin ideyası haradan qaynaqlandı? 
- Azərbaycan vətənim olduğu kimi, Türkiyə də mənim ikinci vətənimdir. Ona görə də Afrin əməliyyatı ilə bağlı musiqi yazmağı özümə bir borc bildim. Tək Azərbaycan üçün deyil, Türkiyə üçün mahnılar bəstələyirəm, kompozisiyalar hazırlayıram. “Afrin” marşı isə mənim qəlbimin səsi idi.

- Bu marş Azərbaycan mətbuatından daha çox Türkiyə mətbuatında işıqlandırıldı. Bunun əsas səbəbi nə idi? 
-  Harika Ufukun “Afrin marşı” şeirini çox bəyəndim və marş bəstələmək qərarına gəldim  və bəstələdim. “Afrin marşı” Türkiyədə çox böyük səs-küyə səbəb oldu. Hətta, bütün Türkiyə mediasında möhtəşəm şəkildə qarşılandı. Onlar üçün də qəribə oldu ki, məhz ilk əsər Azərbaycandan gəldi. Hansı ki, bu mövzuda olan bir əsəri türk ifaçılar tərəfindən  səslənməli idi. Mən bununla fəxr edirəm. Tək özümə görə yox, xalqımın, millətimin adından bunu etdim. Mənim nə qədər uğurlarım varsa, hamısı vətənimin uğurudur.

- Marşı yazmazdan əvvəl sözün yaxşı mənasında bu qədər səs-küyə səbəb olacağını düşünmüşdünüzmü? Yəni, düşündüyünüz nəticə oldumu? 
- Mən heç vaxt düşünməmişəm ki, filan mahnım mənə uğur gətirsin. Mən bütün bunları özümə və türk qardaşlarımıza bir borc bildim. Mahnını hələ Afrin qələbəsi olmamışdan əvvəl bəstələdim. O hazır olandan sonra eşitdim ki, artıq Afrində Türkiyə ordusu qələbə çalıb. Bu məni çox sevindirdi. Hətta. buna aid klip yığdırdım və onu öz səhifəmdə paylaşdım. Media nümayəndələri də məndən götürüb yayımladılar. İnsanlar tərəfindən çox bəyənildi. Bundan qürur hissi keçirirəm.

- “Afrin marşı”nın ifaçısını özünüz seçdiniz, yoxsa sizə təklif edildi? 
- Bu marşın sözlərini Adanalı xanım şairə Harika Ufuk yazıb, ifaçısı isə gənc müğənni Nailə Dənizdir. Nailə xanımın səsini əvvəldən çox bəyənmişdim, həqiqətən də çox gözəl səsə sahibdir. Bunun üçün də ona dəstək olmaq qərarına gəldim. Əslində hələ bundan qabaq Nailə xanıma bir mahnını oxumağa vermişdim. Gözəl ifa etmişdi. Ona demişdim ki, sənə oxumaq üçün ikinci mahnını da verəcəm. Nailə xanımın vətənpərvər ruhlu mahnılara böyük həvəsi və marağı var. Bundan sonra da iş birliyimiz davam edəcək. İstedadlılara hər zaman dəstək olmağa hazıram. Çünki sənətə istedadlılar çox çətinliklə, əziyyətlə gəlirlər. Ona görə də elə şəxslərə dəstək olmaq lazımdır. Biz nə qədər dəstək olsaq, onlar da o qədər parlayarlar.

- Davamlı olaraq milli qəhrəmanlıq, vətənpərvərlik ruhunda mahnılar yazırsınız. Bu çox gözəl haldır, amma o qədər də gəlirli sahə deyil.  Sizin gəliriniz haradandır?
- Mənim tələbələrim var, pianodan dərs deyirəm. Əvvəllər isə orta məktəbdə musiqi müəlliməsi işləmişəm. Bu sənətdən demək olar ki, gəlirim yoxdur.  Onu da qeyd edim ki, lirik mahnılara da üstünlük verirəm. Bundan əlavə kompozisiyalarım mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki ilk dəfə sənətə gələndə kompozisiyalarla gəlmişəm, daha sonra onu mahnıya çevirmişəm. Mahnılarımı Flora Kərimova, Aslan Hüseynov, Manana Caparidze və başqaları oxuyurlar. Klip də çəkdirirəm. Həmin kliplərə özüm çəkilirəm. Sonuncu “Həyat gözəldir” kompozisiyasını da dünyaya sülh gəlməsi niyyəti ilə işıqlandırdım. Dünyada savaş, terror olmasın, bütün uşaqlar xoşbəxt yaşasın. Çünki hamı bu dünyada bir qonaqdır, heç kim özü ilə heç nə aparmır.

- Mahnı bəstələyərkən sözlərə nə dərəcədə diqqət yetirirsiniz? Ümumiyyətlə, sözlər sizin üçün önəmli rol oynayırmı?
- Mən tanınmış və istedadlı gənc şairlərlə də işləyirəm. Əgər həmin şeirdəki söz məni tutdusa, zövqümü oxşadısa mütləq ona mahnı bəstələyirəm. Şairin tanınmış, yaxud tanınmamış olmasının mənim üçün o qədər də əhəmiyyəti yoxdur. Əsas vacib olan şey sözlərdir. Hazırda Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın 5-6 şeirinə mahnı bəstələmişəm. Bütün mahnıların hamısı sevilib, klip də çəkdirmişik. Baba Vəziroğlu, Xanım İsmayılqızı və Ankarada Kərkük mədəniyyət dərnəyinin rəhbəri Şəmsəddin Kuzecinin sözlərinə mahnılar bəstələmişəm. Qənirə Paşayevanın 14 şeirinə mahnılar yazmışam və həmin mahnılara kliplər də çəkilib. Bunlardan ən seviləni Flora Kərimovanın ifa etdiyi “Səni gözləyəcəm”  mahnısı idi.

- Vətənpərvərliklə bağlı başqa hansı işləri görmüsünüz?
- Aprel şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş film çəkdirmişəm. “Çağır məni” adlı filmdə özüm şəhidin xanımı rolunda iştirak edirəm. Həmin çəkiliş zamanı doğrudan da n o həyatı yaşadım. Çünki bəstələyən zaman insana ilham, ruh gəlir və o hissləri yaşayırsan. Ona görə də rejissora dedim ki, aprel döyüşlərində həlak olmuş şəhidin xanımı rolunu elə özüm oynayacağam. Doğrudan da bu işimiz insanlar tərəfindən çox sevildi. Daha sonra “Xocalı fəryadı” kompozisiyasını bəstələdim, onu da özüm çəkdirdim. Qubanın dağlarında Xocalı ananın fəryadını yaşadım. 20 Yanvar şəhidlərinin də xatirəsinə kompozisiya bəstələdim. “İgidlər yurdusan, ey Azərbaycan”, “Can Qarabağ”  və s. vətənpərvərlik ruhunda mahnılarım var. Prezidentimizə, onun xanımına və ulu öndərimizə aid mahnılar bəstələmişəm. Türk dövləti üçün isə 6 əsərim var. “15 Temmuz”, “Ərdoğanlı Türkiyəm ”, “Mənim mələklərim”, “Kalbim Türkiyəm”, “Çanakkala” kompozisiyaları maraqla qarşılanıb. “Çanakkala” kompozisiyasına görə Türkiyə Səfirliyi tərəfindən mənə diplom verildi. “Afrin marşı” isə sonuncu oldu. O gün olsun ki, Türkiyə ordusu Afrində necə qələbə çaldısa, bizim ordumuz da Qarabağımızda qələbə çalsın.

- Hansı layihələrin üzərində işləyirsiniz?
- Bir çox layihələr üzərində işləyirəm. Ən çox vətənpərvərlik mövzusuna önəm verirəm. “Qarabağım” adlı gözəl bir kompozisiya bəstələmişəm. Ən böyük arzum da odur ki, televiziya və radiolarımızı açanda eşidək ki, artıq torpaqlarımız işğaldan azad olunub. Və nəinki mən, bütün bəstəkarlarımızın mahnıları, bəstələri Şuşada, Xankəndində, Qarabağda, Xocalıda səslənsin. Həmin o məkanda “Qarabağım” kompozisiyasına klip çəkdirim. Bundan əlavə başqa bir layihə üzərində də işləyirəm. Hələ o barədə tam açıqlama verməyəcəm, sürpriz qalsın. Amma onu deyim ki, həmin mahnını xalq artisti Gülyanaq Məmmədova ifa edəcək. “Azəri inciləri” nə dəstək oluram, bu yaxınlarda onlara yeni mahnılar verəcəm. Və bunlardan əlavə filmlər üzərində işləyirəm, filmlərə musiqi yazıram. Həm də ola bilsin ki, vətənpərvərliklə bağlı filmlərə də çəkildim. Avropa ölkəsindən bir təklif almışam, orda da layihəm olacaq.

Könül Əhmədova

Xəbər xətti