Günlər keçir. Ancaq izsiz yox…

13:50 - 21 Fevral 2018 - Ədəbiyyat

"Üç nöqtə" qəzetinin qonağı Nizami Cəfərovdur

III HİSSƏ

İndi camaat Vladimir Dalın lüğətinə inanmır...

Namizədliyimi də, doktorluğumu da sovet dövründə müdafəi eləmişəm. Müstəqilliyimizin ilk illərində isə öz Ali Attestasiya Komissiyamız yaradıldı.

…AAK-ın sədri akademik Azad Mirzəcanzadə hərdən müxtəlif regionlarda birdəfəlik müdafiə şuraları yaradırdı. Bir şuranın iclası da Şəkidə keçirilməli oldu. Bəxtiyar Vahabzadə sədr, mən müavin idim.
Azad müəllimlə bircə dəfə görüşmüşdüm, o da professorluq attestatımı almağa gedəndə. Ancaq bu böyük alimin qəribəlikləri barədə çox eşitmişdim… İçəri girəndə sərbəst geyimimə baxıb «cavan oğlan, bu sənin həyatında ən yadda qalan günlərdən biridir, ancaq sən elə bir geyimdə gəlmisən ki…» dedi. Və attestatı narazı-narazı mənə uzatdı… Bərk isti idi, nəfəs çəkmək olmurdu. Attestatı ala-ala Azad müəllimin yaxası açıq, səliqəsiz köynəyinə nəzər saldım. Gülmüsündü, «mənə baxma, qoca kişiyəm» dedi.

… O qədər də kiçik olmayan bir qrupla ilə Şəkiyə gedirdik. Yolda əyləşib çay içəndə Azad müəllim özünəməxsus zərif bir yumorla məndən soruşdu:

- Sən özünü çox bilikli sayırsan?
Təvazökarlığın yeri deyildi.
- Əlbəttə, - dedim.

Ətrafda əyləşənləri göstərib:
- Mən bu görkəmli alimlərə bir sual verdim, bilmədilər… Bəlkə, sən biləsən… Şekspirin məşhur əsərində Hamlet kök təsvir olunur, ya arıq? deyə soruşdu.

Azacıq düşünüb cavab verdim:
- Azad müəllim, ədəbiyyatda bütün aşiqlər, üsyançılar, adətən, arıq təsvir olunur. Siz ki, bu sualı verirsiz, deməli, Hamlet kök imiş.
- Olmadı, sən sualın cavabını bilmirdin, məntiqlə tapdın. Ayrı sual verəcəyəm… Dilçisən də… «İblis» sözü nə mənşəlidir?
- Yəhudi.
- Tofiq Həcıyev sənin elmi rəhbərindir, elə?
- Bəli.


Üzünü Tofiq müəllimə çevirdi:
- Tofiq müəllim, sizin fikriniz necədir?
- Mən də o fikirdəyəm ki, qədim yəhudi mənşəlidir.


Azad müəllim gülümsünüb dedi:
-Elmi rəhbəri bilməyəndə tələbəsi hardan bilsin,dedi.
Və cibindən bir bloknot çıxarıb açdı, bizə göstərdi. Vərəqlərin birində yazılmışdı: «İblis – slovo drevneqreçskoye proisxojdeniya». Qalib ədası ilə soruşdu:
- Gördünüz?

Gərginliyi aradan qaldırmaq üçün zarafatla:
- Azad müəllim, indi camaat Vladimir Dalın lüğətinə inanmır, istəyirsiniz, sizin bloknota inanaq?.. dedim.

Bir söz demədi…
 

«Şair, hökmdarın hüzurundasan!..»

Yusif Səmədoğlu uzun illər yaradıcılıq qurumlarına rəhbərlik etmişdi, ancaq onun rəhbərliyi altında çalışmış insanların (onlar da yaradıcı şəxslər idilər) hamısı deyirdi ki, Yusif müəllimdə inzibatçılıqdan əsər-əlamət yoxdur, tez-tez iclas keçirməyi, dedi-qodunu, kimisə müzakirə obyektinə çevirib pisikdirməyi və ya həddindən artıq tərifləyib ağlını başından çıxarmağı xoşlamır…
Yusif Səmədoğlunun həyat tərzi, iş (və idarəçilik) üsulu barədə ən dəqiq, ən maraqlı fikirləri, mülahizələri, yəqin ki, uzun illər onunla birlikdə çalışmış böyük yazıçımız Seyran Səxavətdən gözəl heç kim qələmə almayıb. Və onun bir müşahidəsi tez-tez yadıma düşür… Yazır ki, Yusif Səmədoğlunun evində bir tutuquşu varıydı. Ömrümdə ondan tərbiyəsiz tutuquşuya rast gəlməmişdim. Çünki ağzını açanda ana-bacı söyüşü eləyirdi.

Və Seyran Səxavətin bir xatirəsi də yadımdan çıxmır… Yazır ki, təcili Moskvaya getməli idim. Axtarıb baş redaktoru – Yusif Səmədoğlunu tapa bilmədim ki, icazə alam. Ona görə də icazəsiz getməyə məcbur oldum… Moskvada Mərkəzi Yazıçılar Evinin barına girəndə baxdım ki, Yusif müəllim bir neçə adamla orda əyləşib. İstədim aradan çıxam, ancaq məni görüb yanına çağırdı. Soruşdu ki, Seyran, nə yaxşı gəlibsən? Dedim, sizi axtarırdım, Moskvaya getmək üçün icazə alam… Dedi, problem yoxdu…

Səməd Vurğunu Yusif Səmədoğlu qədər dərindən dərk eləmiş ikinci, yaxud üçüncü bir adam (mütəfəkkir!) təsəvvür eləmək son zamanlara qədər çox çətin idi.

Yusif Səmədoğlu Səməd Vurğun yaradıcılığının fəlsəfəsini dahi şairin öz misraları ilə izah edirdi:

«Şair, hökmdarın hüzurundasan!..» Və elə bilirəm ki, qətiyyən səhv eləmirdi, əksinə, gələcək (daha obyektiv!) tədqiqatlar üçün istiqamət verirdi.

Növbəti seçkidə akademiklik – həqiqi üzv yerinə namizədliyimi vermədim

90-cı illərin ortalarında xəbərlər gəlməyə başladı ki, on illik fasilədən sonra yenidən Akademiyaya seçkilər keçiriləcək.

Akademiyanın prezidenti Fərəməz Maqsudovla birlikdə bir qrup elm adamı İranda idik. Və bu barədə söhbət düşəndə Fərəməz müəllim mənə dedi ki, sən də namizədliyini verərsən, cavanlara müəyyən üstünlüklər veriləcək. Ona nə qədər hörmətim olsa da, dediyini ciddi qəbul eləmədim. Ancaq dostların məsləhəti ilə namizədliyimi verdim.
Belə bir adət vardı, yəqin indi də qalır, namizəd bir-bir bütün səs verən akademiklər, müxbir üzvlərlə görüşüb onlara özünü təqdim etməli, seçkidə səs vermələrini xahiş eləməli idi. Dostum filosof – professor Həmid İmanovun təkidi ilə əvvəl bir qazaxlı müxbir üzvün yanına getdik, ağlımız bir şey kəsmədi. Sonra bir gədəbəyli akademikin yanına getdik, o da dedi ki, səs verərəm, ancaq gözüm yaxşı görmür, yaddaşım da korlanıb, gərək səsvermə vaxtı bir adam yanımda olub yadıma salsın, sonra kimə səs verəcəyimi göstərsin… Sağollaşıb çıxanda Həmid müəllimlə bir-birimizə baxıb gülümsədik. Dedim ki, İmanov, gəl bu görüşmələri yığışdıraq, «bekara» işə oxşayır. Və tərkini verdik…

Seçkilər üç-dörd ildən sonra baş tutdu. Onda artıq millət vəkili idim. Düşünürdüm ki, bu, bəsdi, adama nə qədər səlahiyyət vermək olar? Yəqin ki, seçməyəcəklər… Ancaq müəllimlərim – Ağamusa Axundov, Tofiq Hacıyevlə birlikdə məni də müxbir üzv seçdilər… Gizlətmirəm, sevincimin həddi-hüdudu yox idi. Bir də ona görə ki, akademik Cəlal Əliyev məni müdafiə eləmişdi… Və bu, böyük şəxsiyyətin təmənnasız bir münasibəti idi.

Növbəti seçkidə akademiklik – həqiqi üzv yerinə namizədliyimi vermədim. Çünki bir yer var idi, o da Ağamusa müəllimin olmalıydı. Təkid edənlər, yalnız mənə səs verəcəklərini deyənlər də oldu, ancaq imtina elədim, çünki olmazdı…
Azərbaycan MEA-nın müxbir üzvü kimi bu böyük elm məbədinin işlərində iştirak etmək mənə həmişə xüsusi zövq verib.

Nizami Cəfərov ordadırsa, mən keçməyəcəm

… Tarix İnstitutuna direktor seçkisi gedirdi. Mən də səshesablama komissyasının üzvü idim. Bir namizəd vardı – akademik İqrar Əliyev. Səsvermə zamanı xəbər gəldi ki, qoca akademik həyəcanlıdır, deyir ki, Nizami Cəfərov ordadısa, mən keçməyəcəm.

Azərbaycan tarixində türklüyün mövqeyini heçə çıxarmağa çalışan bu şəxs ona ünvanladığım açıq məktubun cavabı olaraq böyük bir məqalə – cavab yazmışdı, təhqirlərlə dolu idi… Bayırda oturub həyəcanla səsvermənin nəticəsini gözləyən akademikə yaxınlaşıb:

- İqrar müəllim, narahat olmayın, mən sizə səs verəcəyəm, - dedim.

Ətrafdakılar:
- İqrar müəllim, axı sizə dedik ki, Nizami elə adam deyil, - deyəndə əlavə elədim:
- Ancaq İqrar müəllim indiyə qədərki günahlarına görə hər halda nə vaxtsa narahat olmalı idi…

Ən çox düşündüyümüz ortaq türkcə məsələsi olub

…Müxtəlif türkoloji toplantılarda həmişə üzərində ən çox düşündüyümüz, mübahisə etdiyimiz məsələ, yəqin ki, ortaq türkcə məsələsi olub. Özbək türkoloqları, bir qayda olaraq, müxtəlif türk dillərinin materialları əsasında süni bir dil yaratmağı təklif ediblər. Niyə? Onların fikrincə, əgər türk dillərindən hər hansı biri ortaq ünsiyyət vasitəsi kimi qəbul olunarsa, digər türklər inciyər… Mənə belə gəlir ki, bu, məsələyə həddindən artıq konyuktur yanaşmadır, çünki istənilən türk dilində güclü ortaqlıq potensialı vardır, tarixin təcrübəsi də göstərir ki, süni dillər kütləviləşmək (və yaşamaq!) imkanından məhrumdur. Və ona görə də əgər bütün türklər üçün ortaq bir ünsiyyət vasitəsinə ehtiyac varsa da, müasir türk dillərindən biri (yəni təbii dil!) olmalıdır. Eyni zamanda ən çox inkişaf etmiş, ən böyük sosium (əhali kütləsi) ilə təmsil olunan və arxasında daha geniş texniki (hətta maddi!) imkanlar dayanan bir dil olmalıdır. Hamıya da məlumdur ki, bu, Türkiyə türkcəsidir. Ancaq bununla belə, Tükiyə türkcəsi müəyyən dəyişikliyə də (əlbəttə, inkişaf mənasında) məruz qalacaqdır.

…Qırğızıstanda keçirilən Böyük Türk Dili qurultayında mən bu barədə geniş məruzə elədim. Böyük türk dilçisi Əhməd Bican Ərcilasun dedi ki, məruzənin mətnini çap etdirmək laxzımdır. Xüsusilə belə bir fikir xoşuna gəlmişdi ki, biz türklər təbii şəkildə Şərqdən Qərbə doğru yayılmışıq, Qərbə nə qədər yaxınlaşmışıqsa, o qədər də inkişaf eləmişik – Türkiyə türkləri isə ən Qərbdədirlər, özü də ən böyük toplum halında.

Əhməd bəyə dedim ki, yazılı mətn yoxdur. Ümumiyyətlə, mən son zamanlar şifahi yaradıcılıqla məşğulam… O da gülümsünüb əlavə elədi ki, bu, elə əvvəldən türklərə məxsus keyfiyyətdir.

Dürrə – Səməd Vurğun yaradıcılığının birinci dövrünün əsas qəhrəmanıdır…

Bir dəfə Təhsil Nazirliyindən mənə zəng elədilər ki, orta məktəbin «Ədəbiyyat» dərsliyində Səməd Vurğunun tərcümeyi-halı verilərkən onun gənclik illərində guya Dürrə adlı bir qıza aşiq olduğu, ona çoxlu şeirlər həsr etdiyi barədə yazılıb, elə şey olmayıb, xahiş edirik, düzəldəsiniz… Soruşdum ki, bizim dərsliyə bu tənqidi qeydi edən «mütəfəkkir» kim idi?.. Dedilər ki, şairin nəvəsi, Ev Muzeyinin müdiri Aygün xanım…
Üstünü vurmadım… «Narahat olmayın, baxarıq» dedim…
 

Az keçmədi ki, rəhmətlik Aygünün özü zəng elədi. Və həyəcanla: «Nizami müəllim, hər adamın gənclik illərində səhvləri olur, onu xüsusi qabartmağa nə ehtiyac var? Əgər Səməd Vurğun Xavər xanımı sevib alıbsa, ona bu qədər şeirlər yazıbsa, Dürrə söhbətini yada salmağa nə ehtiyac var?.. Xahiş edirəm o adı dərslikdən çıxarın… Təhsil Nazirliyindən rəsmi xahiş elədim, dedilər, müəllif sizsiz… Ona görə də…»

Xətrini çox istədiyim (və dostum Mehmanın həyat yoldaşı olan) Aygünün sözünü kəsdim: «Aygün, Dürrə – Səməd Vurğun yaradıcılığının birinci dövrünün əsas qəhrəmanıdır…

Mən sizi sərbəst müzakirəyə dəvət edirəm...

…Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsinin müzakirəsi gedirdi. Azərbaycan Prezidenti (və Azərbaycan xalıqının lideri!) Heydər Əliyev dövlət dilinin adının Konstitusiyada necə yazılıcağı (və bundan sonra rəsmən necə adlandırılacağı!) ilə bağlı geniş müzakirəyə start verdi. Bu, olduqca vacib bir qərar idi… Dahilər yalnız hansı qərarı qəbul edəcəklərini yox, həm də həmin qərarı nə zaman, hansı şəraitdə qəbul edəcəklərini yaxşı bilirlər.

Azərbaycan MEA-nın Rəyasət Heyətinin Böyük Akt zalında alimlərin, yazıçıların iştirakı ilə geniş müzakirə keçirilirdi. Məclisin əvvəlində Heydər Əliyev özü çıxış elədi, göstərdi ki, bu gün cəmiyyətdə dövlət dilimizin adı üç cür səslənir: «Azərbaycan dili», «türk dili», bir də «Azərbaycan türk dili (Azərbaycan türkcəsi)». Konstitusiya Komissiyasının iclaslarında da bu məsələ müzakirə edilib. Biz elə oradaca qərar qəbul edə bilərdik. Ancaq bu, ümumictimai, ümummilli iş olduğundan belə qərara gəldik ki, dövlət dilinin adı məsələsini əvvəl ölkənin görkəmli ziyalıları, elm, mədəniyyət xadimləri ilə müzakirə edək…

Prezident həmin sözlərdən sonra rahat bir atmosfer yaratmaq üçün əlavə etdi ki, mən sizi sərbəst müzakirəyə dəvət edirəm, özüm də gedirəm ki, heç bir təzyiq hiss etmədən fikirlərinizi bildirəsiniz.

«Çox böyük bir professor» ifadəsi mənim üçün indiyə qədər aldığım adların ən böyüyüdür

…Günlərin bir günü filologiya fakültəsinin dekanlığında gündəlik işimlə məşğul olduğum vaxt Prezident Aparatı humanitar şöbəsinin müdiri Fatma Abdullazadə məni Aparata çağırtdırdı. Dedilər ki, səliqəli geyin, cənab Prezident qəbul edəcək… Mən ümumiyyətlə, normal geyinən adamam, ancaq «səliqəli geyinmək» söhbəti olanda o dəqiqə başa düşürəm ki, bəli, qalstuk bağlamaq lazımdır.
 

Vaxtilə prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş, indi isə dekanlığın metodisti Aydın Rzayevdən xahiş etdim ki, qalstukunu bir-iki saatlığa mənə ver. Alıb cibimə qoydum, getdim Aparata… Fatma xanım ayaqdan başacan məni süzüb başını bulayanda dedim ki, qalstukum var, cibimdədir.
Dedi:
- Cənab Prezidentin qəbul otağına düş, məni gözlə.

Aşağı düşə-düşə qalstuku taxdım, üst-başıma fikir verdim… Məlum oldu ki, başımı çox qırxdırmışam, ayağımda idman ayaqqabısıdır – «Krassovka»… Ancaq eybi yox. Şalvarın balağı üstünü örtür.

Gəlib mühafizəçilərlə görüşüb yanlarında əyləşdim. Başladıq ordan-burdan danışmağa… Prezidentlə (Heydər Əliyevlə!) üzbəüz görüşün həyəcanı məni elə sarmışdı ki, görüşqabağı özümü toplamaq istəyirdim.
Birdən Fatma xanım gəldi, ətrafa boylandı və soruşdu:
- Nizami Cəfərov hara getdi?

Ayağa duranda təəccüblə:
- Elə bildim sən də mühafizədənsən, - dedi.

...Fatma xanım öndə, mən arxada Prezidentin kabinetinə daxil olduq. Yaxınlaşanda azacıq qalxıb əl uzatdı, «əyləş» dedi. Gözlədim, əvvəl Fatma xanım, sonra mən əyləşdim… Başımı qaldırmağa ehtiyac edirdim. Birdən çox mülayim bir səs eşitdim:

- Sən professorsan, dekansan, Akademiyanın müxbir üzvüsən, millət vəkilisən.. Bir vəzifə də indi veririk… Baş gicələnmə-filan əmələ gəlməyəcək ki?.. Yazıçıların qurultayı vaxtı dedilər gəncsən. İndi neçə yaşın var?
- Qırxı keçmişəm, cənab Prezident.


Gülümsündü:
- Yox, daha gənc deyilsən, deməli, başgicəllənmə əmələ gəlməz.
Dillənmədim. Nə deyəcəkdim? Dahi bir dövlət adamının qarşısında idim. Hərdən başımı qaldırıb ona baxa bilirdimsə, özü böyük iş idi.
- Yəqin xəbərin var, Azərbaycanda Atatürk Mərkəzi yaratmışıq. Səni oraya başqan məsləhət bilirik…
- Çox sağ olun, cənab Prezident.
- Mən Ankarada xəstəxanada olanda yanıma Rəşad Gənc, bir də Sadıq…
- Tural.
_ Hə, Sadıq Tural gəlmişdi. Türkoloqdurlar… Tanıyırsan… Məsləhətləşdik ki, Bakıda belə bir mərkəz yaransın… Atatürk böyük tarixi şəxsiyyətdir… Onu öyrənmək lazımdır…
- Cənab Prezident, həm onu öyrənəcəyik, həm də Sizi…


Gülümsündü:
- Yox, Atatürkü öyrənin,- dedi.

Bəzi məsləhətlər verdi. Türkiyə iş adamlarının Azərbaycandakı fəaliyyəti, Azərbaycan xalqının Türkiyəyə məhəbbəti və s. barədə. O qədər mehriban mühit yaratdı ki, cəsarətlənib bir-iki sual da mən verdim…

- Cənab Prezident, deyirlər ki, Siz inqilab illərində İranda olmusuz, Səhənd Sizə poema həsr edib…

Yenə gülümsündü:
- Poema yox, iki şeir həsr edib, arxivimdədir, - dedi - Sən hardan bilirsən?
- Cənubi Azərbaycan ədəbiyyatını araşdırmışam.
- …İrana rəsmi səfərə getmişdim. İstədim Təbrizi görəm. Etiraz elədilər, dedilər ki, orada Sizin mühafizənizi təmin edə bilmərik.


…Söhbət o qədər gözəl oldu ki, mənim buraya nə üçün çağrıldığım da yadımdan çıxdı.
Axırda Prezident sərəncama qol çəkdi, Fatma xanıma da dedi ki, gözəl bir bina var, onu çoxları istəyib, ancaq Atatürk Mərkəzinə qismət oldu… Mərkəzə bir maşın da verin…
Sağollaşıb çıxandan sonra Fatma xanım:

- Cənab Prezident hələ təyinata gələn heç kimlə bu qədər söhbət eləməyib.dedi.
…Çox keçmədi ki, Mərkəz fəaliyyətə başladı. Və Azərbaycan xalqının ümummilli liderinin bütün göstərişlərini həyata keçirməyə çalışdıq…
Türkiyənin dövlət xadimləri ilə görüşlərin birində Heydər Əliyevin Mərkəzin başqanı barəsində işlətdiyi – «çox böyük bir professor» ifadəsi mənim üçün indiyə qədər aldığım (və bundan sonra alacağım) adların ən böyüyü oldu…
Günlər keçir. Ancaq izsiz yox…

Pünhan Əfəndiyev

Xəbər xətti