Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub.
"Ucnoqta.az" Trend-ə istinadən məlumat verir ki, bu, XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i qonaqların hesabındadır.
Maraqlıdır ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mahir isə 3-cü dəfə əlamətdar topa imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. Mədətov 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.