Azərbaycan-Almaniya iqtisadi əlaqələri müzakirə edilib

12:05 - 14 Fevral 2018 - İQTİSADİYYAT

İqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
 

"Ucnoqta.az" "Qafqazinfo"a istinadən xəbər verir ki, görüşdə iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi, o cümlədən investisiya, sənaye, ölkəmizdə yaradılan sənaye zonalarında alman şirkətlərinin iştirakı və digər məsələlər müzakirə olunub.
 

Nazir Şahin Mustafayev bildirib ki, indiyədək ölkələrimiz arasında 70-ə yaxın sənəd, o cümlədən iqtisadi sahədə investisiyaların təşviqi və qorunması, ikiqat vergitutma haqqında sənədlər imzalanıb. Ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticarət tərəfdaşları arasında Almaniya 5-ci yerdədir. Azərbaycanın Mərkəzi Avropa üzrə ticarət nümayəndəliyi həmçinin, Almaniyanı əhatə edir. Bu nümayəndəlik Almaniya ilə ticarət əlaqələrinin inkişafında önəmli olacaqdır. Hazırda Azərbaycanda 200-dən çox alman şirkəti fəaliyyət göstərir. Almaniya tərəfindən əsas kapitala 555,8 mln. ABŞ dolları həcmində investisiya qoyulub. 2009-2017-ci illərdə 338 sahibkar və gənc menecer Almaniyada ixtisasartırma kursu keçib. Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Almaniya təcrübəsi əsasında sənaye sahəsində Peşə Tədris Mərkəzi yaradılır. 
 

Görüşdə nazir Şahin Mustafayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırıb, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyəti olan alman şirkətlərinə dair məlumatı Almaniya tərəfinə təqdim edib, bunun yolverilməz olduğunu vurğulayıb.
 

İqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşən nazir Şahin Mustafyev qeyd edib ki, alman şirkətləri Azərbaycandakı sənaye zonalarına investisiya yatıra bilərlər. 2018-ci ildə istifadəyə veriləcək “SOCAR Polimer” zavodunun istehsal edəcəyi məhsullarla bağlı da birgə müəssisə yaradıla bilər. Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturu barədə danışan iqtisadiyyat naziri Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub nəqliyyat dəhlizi, Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi barədə məlumat verib, alman şirkətlərinin ölkəmizin tranzit imkanlarından yararlanmağa və Ələtdə yaradılacaq Azad İqtisadi Zonaya dəvət edib. Şərq Komitəsi tərəfindən Qərbi Balkan ölkələri və Ukrayna üçün elan edilən təqaüd proqramına Azərbaycanın salınmasının təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb. Bundan başqa, Azərbaycanda Alman xəstəxanalarının nümayəndəlikləri yaradıla bilər.
 

Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdiyini və alman şirkətlərinin Azərbaycan iqtisadiyyatına maraq göstərdiklərini vurğulayıb, əməkdaşlıq perspektivlərinə dair fikirlərini bölüşüb. Volfqanq Büxele Azərbaycanın işğal altında olan ərazilərində alman şirkətlərinin fəaliyyəti məsələsinin araşdırılacağını və bu barədə Azərbaycan tərəfinə məlumat veriləcəyini bildirib. 

Xəbər xətti