Orxan Oruczadə: “Dost ona problemini danışan şəxsə daha çox eşitmək istədiyi sözləri deyir və psixoloqdan fərqli olaraq, qarşısındakı insanın daxilində gedən psixoloji proseslərdən xəbərsiz qalır”
Hər gün başına müxtəlif hadisələr gəlir. Lakin onların bəzilərini başqaları ilə müzakirə etməyə, məsləhət almağa ehtiyac duyulur. Bu zaman bir çox sivil ölkələrdə insanlar psixoloqlara müraciət etsə də, bizim ölkədə bu funksiyanı daha çox dost-tanış yerinə yetirir. Hər hansı problemdən çıxış yolu axtaranda, məsləhət almaq istəyəndə hamı dost-tanışın yanına qaçır. Bu, nə dərəcədə düzgündür? Onların verdiyi məsləhətlər bizi doğru ünvana apara bilərmi?
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən psixoloq Orxan Oruczadə bildirdi ki, dostlar, qohumlar qeyri-peşəkar olsalar da, bu gün bir növ psixoloq rolunu icra edirlər:
Hər birimizin həyatında elə anlar olur ki, daxili düşüncələrimizi, qorxu hisslərimizi, qərar vermə çətinliklərimizi yaxınlarımızla bölüşməyə ehtiyacımız olur. Təbii ki, şərq ölkələrində insanlararası isti münasibətlər imkan verir ki, ətrafımızda olan insanlardan özümüzə “dərd yoldaşı”, “sirr yoldaşı” seçə bilək. Bu dolayısı ilə həm də bu cür ölkələrdə psixoloji xidmətin inkişafına mane olur. Çünki, dostlar, qohumlar qeyri-peşəkar da olsalar, bir növ psixoloq rolunu icra edirlər. Lakin dostun göstərdiyi xidmətlə peşəkar psixoloqun xidməti arasında çox ciddi fərq var. Bu fərqlərdən ən önəmlisi ondan ibarətdir ki, psixoloq psixologiya üzrə təhsil almış, beynin funksiyaları, idrak prosesləri, duyğular, hisslər və s. haqqında dərin elmi məlumatı olan şəxsdir. Bu məlumatlara sahib olmaq isə psixoloqa imkan verir ki, ona müraciət edən şəxsin probleminə obyektiv yanaşa bilsin və öz nəzəri, praktiki bilikləri vasitəsi ilə analizlər aparıb psixoloji xidmətin keyfiyyətli nəticə əldə etməsinə nail olsun. Dost isə ona problemini danışan şəxsə daha çox onun eşitmək istədiyi sözləri deyir və psixoloqdan fərqli olaraq, qarşısındakı insanın daxilində gedən psixoloji proseslərdən xəbərsiz qalır. Başqa önəmli tərəf ondan ibarətdir ki, psixoloji xidmət zamanı psixoloq ona müracit edən şəxslə müəyyən bir sistemlilik və proqram daxilində münasibət qurur, problemin görünməyən, gizli tərəflərini aşkarlayır və aparılan söhbətlərin nəticəsi olaraq hər hansı bir məqsədə çatılır. Dostla aparılan problemin müzakirəsi zamanı isə gedişat spontan baş verir ki, bu da hər hansı effektli nəticəyə çatılması ehtimalını azaldır”.
Psixoloq deyir ki, dosta danışılan problemlə bağlı ən yaxşı halda alına biləcək effekt yüksək olmur: “Amma peşəkar psixoloqun ona müraciət edən şəxsə göstərdiyi psixoloji xidmətin keyfiyyətini heç də hər dostun verdiyi məsləhətlə müqayisə edə bilmərik. Qarşımızdakı insanın şəxsiyyət xüsusiyyətləri, idraki prosesləri, hiss və duyğuları, daxili psixoloji və fizioloji prosesləri nəzərə alınmadan ona göstərilən psixoloji xidmətin effektliliyi mümkün deyil. Həmçinin bu həmin şəxsin daxili çətinliklərinin daha da dərinləşməsinə, problemin daha da ciddi kök atmasına səbəb ola bilər. Ancaq bütün bunlarla yanaşı, onu da deməliyik ki, bəzən hər hansı bir dost və ya tanışın söylədiyi bir cümlə belə ən peşəkar psixoloqun edə biləcəyi yardım qədər effektli ola bilir”.
Jurnalist-sosioloq, Sağlam Cəmiyyət İB-nin sədri Lalə Mehralı isə bildirdi ki, mühafizəkar cəmiyyətlərdə dərdini başqasına danışmaq asan olmur:
“Kimisi utanır, kimisi də eqosuna yenilir. Boş yerə deməyiblər dərd paylaşdıqca azalır. Sadəcə kimə və necə danışmaq xırdalığı var. Psixoloqun yanına getməyə utanan da, pulu olmayan da, bunu ciddi hesa etməyən də var. Şəxsən mən saatı 50 manata psixoloq məsləhəti almaqdan yana deyiləm. Psixoloqun əməyini danmaq olmaz, insanı elə anlarda elə bir vəziyyətdən çıxara bilər ki, heç bir qohum bunu bacarmaz. Amma hər xırda şeydən ötrü psixoloq yanına qaçmağa ehtiyac yoxdur. Sadəcə başımızı telefondan qaldırmalı, kompüterdən uzaqlaşmalı, virtual həyatdan real həyata qayıtmalıyıq. Canlı ünsiyyət çox dərdin əlacıdır. Söhbət, münasibət, əlaqə - hamısı insanı yaşadığına, var olduğuna inandıran amillərdir. Dərdi virtual tanışlara yox doğmalara demək, onlardan məsləhət almaq lazımdır”.
Könül