Portuqaliya parlamentinin deputatı məcburi köçkünlərlə görüşüb

22:10 - 30 Yanvar 2018 - Xəbər

Azərbaycanda səfərdə olan Parlamentlərarası İttifaqda “12 Plyus Geosiyasi Qrupu”nun katibi, Portuqaliya parlamentinin deputatı Duarte Paçeko Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olub.
 
"Ucnoqta.az" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata istinadən bildirir ki, komitənin sədr müavini Fuad Hüseynov və Zəngilan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib.
 
 
Qonağın diqqətinə çatdırılıb ki, nüfuzlu beynəlxalq qurumların Ermənistanın işğalçılıq siyasətini pisləyən, işğalçı qoşunların dərhal və qeyd-şərtsiz işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılmasını tələb edən qərar və qətnamələrinin olmasına baxmayaraq işğalçı ölkə bunların heç birinə əməl etmir. Bütün bunlar isə münaqişənin həllində ikili standartların əyani sübutudur.
 
Fuad Hüseynov həmçinin Azərbaycan ilə Portuqaliya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar olduğunu vurğulayıb, hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığından məmnunluğunu bildirib.
 
Sonra qonaqlar məhəllədəki 540 şagird yerlik 33 saylı Zəngilan rayon tam orta məktəbində, Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində və Zəngilan rayon “Şəfəq” uşaq bağçasında yaradılan şəraitlə tanış olub.
 
F. Hüseynov bildirib ki, bu günə qədər 265 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb.
 
Nümayəndə heyəti daha sonra Zəngilan rayonundan məcburi köçkün Ərşad Priyevin mənzilində olub və ailə ilə söhbət ediblər.
 
Duarte Paçeko vurğulayıb ki, əldə etdikləri məlumatlar həssas problem barədə onlarda tam təsəvvür yaranmasına kömək göstərib. O bildirib ki, ölkəsi də vaxtilə qaçqın və məcburi köçkün problemini yaşayıb. Duarte Paçeko Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin tezliklə həllini tapmasının vacibliyini vurğulayaraq Azərbaycanın qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib.

Xəbər xətti