Yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfrans çərçivəsində İqtisadiyyat, Vergilər, Kənd Təsərrüfatı nazirlikləri və Dövlət Gömrük Komitəsi rəhbərlərinin iştirakı ilə sahibkarlarla görüş keçirilib.
Nazirliyin mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, görüşdə iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və s. sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.
Tədbirdə çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə ölkəmizdə çoxşaxəli və ardıcıl islahatların davam etdirildiyini, qeyri-neft sektorunun inkişafı, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlərin görüldüyünü, dövlət-sahibkar münasibətlərinin, biznes və investisiya mühitinin təkmilləşdirilməsi, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Bildirilib ki, ölkədə davamlı inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı dövlət proqramları mühüm əhəmiyyət kəsb edir. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü dəyişib, ölkədə sahibkarlığın inkişafında mühüm rol oynayan infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətini yüksəldib. Dövlət Proqramı çərçivəsində 2017-ci ildə regionların inkişafına 4,5 milyard manat vəsait yönəldilib və dövlət başçısı bölgələrə 30-dan çox səfər edib və bu səfərlər çərçivəsində müxtəlif təyinatlı 130-dək obyektlə tanış olub, açılış və təməlqoyma mərasimlərində iştirak edib, şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzaladığı 74 sərəncamla 368 milyon manat vəsait ayrılıb.
Azərbaycan Respublikası Prezidentinin özəl bölmənin inkişafına böyük diqqət və qayğı göstərdiyini vurğulayan Şahin Mustafayev “Sahibkarlar günü”nün təsis edilməsinin, 27 sahibkarın dövlət mükafatı ilə təltif olunmasının sahibkarlığa dövlət dəstəyinin göstəricilərindən olduğunu diqqətə çatdırıb. Özəl bölmədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb, İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə indiyədək 5000 lisenziya verilib, vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində ötən il 83 yoxlama keçirilib, sənaye parkları və məhəllələrinin təşkili tədbirləri davam etdirilib. 2017-ci ildə 1953 sahibkarın layihəsinə geri qaytarılan kreditlər hesabına 146 milyon manat güzəştli kredit verilib. Pambıqçılığa 10 milyon manat, tütünçülüyə 1,6 milyon manat, zeytun və badam bağlarının salınmasına və zeytun yağı istehsalı zavodunun tikintisinə 10 milyon manat güzəştli kredit yönəldilib. Bu il geri qaytarılan vəsaitlər hesabına sahibkarlara 170 milyon manat güzəştli kreditin verilməsi nəzərdə tutulur.
İnvestisiya qoyuluşunun təşviqi məqsədilə indiyədək 208 sahibkarlıq subyektinə 230 investisiya təşviqi sənədi verilib və bu layihələr nəticəsində yerli istehsala 2 milyard manatdan artıq investisiya yatırılacaq, 16 minədək yeni iş yeri açılacaq. Layihələrin 87 %-i regionların payına düşür.
İndiyədək xarici ölkələrə 13 ixrac missiyası təşkil edilib, ölkəmiz 5 beynəlxalq sərgidə vahid ölkə stendi ilə təmsil olunub, ixrac müqavilələri imzalanıb, 29,7 milyon dollar dəyərində məhsulların müxtəlif ölkələrə, o cümlədən bir sıra yeni bazarlara ixracı ilə əlaqədar 3 milyon manata yaxın ixrac təşviqinin ödənilməsinə dair qərar qəbul edilib.
Sahibkarlığın sahəvi inkişafına dəstək məqsədilə yaradılmış Azərbaycan arıçılar, şərab, nar, meyvə-tərəvəz, fındıq, xurma, tütün, tekstil, çay istehsalçıları və ixracatçıları, qablaşdırma sənayesi, mebel, tikinti materialları istehsalçıları və qadın sahibkarların assosiasiyaları artıq uğurla fəaliyyət göstərir və bu sahələrin inkişafına öz töhvəsini verir.
2017-ci ildə baramaçılıq, pambıqçılıq, tütünçülük, sitrus meyvəçiliyi, çayçılıq, çəltikçilik sahələrinin inkişaf etdirilməsi üzrə görülən işlərin aqrar sektorun və sənayenin inkişafında, regionlarda məşğulluğun və ixrac potensialının artmasında əhəmiyyətli təsiri olmuşdur.
Görülən işlər nəticəsində ötən il 177 mini daimi olmaqla, 221 min yeni iş yeri açılıb. 2017-ci ildə qeyri-neft sektoru 2,7%, qeyri-neft məhsullarının ixracı 24,4% artıb.
Nazir Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Respublikasının Prezidentinin müvafiq Fərmanı ilə yaradılmış “Azərbaycan Respublikasının Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi”, iri rayon və şəhərlərdə “Kiçik və orta sahibkarlıq evləri” kiçik və orta sahibkarlığın rolunu və rəqabət qabiliyyətini artıracaq, bu sahədə idarəçiliyi təkmilləşdirəcək, sahibkarların dövlət xidmətlərinə vahid məkan prinsipi əsasında çıxışını təmin edəcək.
İqtisadiyyat naziri vurğulayıb ki, dövlət başçısı “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş bugünkü Konfransda digər sahələrlə yanaşı, özəl sektorun inkişafı və sahibkarların sosial layihələrdə iştirakı istiqamətində tapşırıq və tövsiyyələr verib. Dövlət başçısının tapşırıqlarının icrası üçün sistemli və operativ tədbirlər görüləcəkdir.
Sonra İqtisadiyyat naziri Şahin Mustafayev, Kənd Təsərrüfatı naziri Heydər Əsədov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev və Vergilər nazirinin müavini İlkin Vəliyev sahibkarların rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, üzümçülüyün, şərabçılığın, tingçiliyin, fındıqçılığın, balçılığın inkişafı, vergi və gömrük, ixraca dəstək mexanizmləri, qablaşdırma, dövlət satınalmaları, metallurgiya və yüngül sənaye sahələrinin inkişafı, sənaye park və məhəllələrinin coğrafiyasının genişləndirilməsi, güzəştli kreditin verilməsi və s. məsələlərə dair suallarını cavablandırıblar, sahibkarların təkliflərini dinləniyiblər.
Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına təşəkkür ediblər.