Əmlak Məsələləri Dövlət Komitəsində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.
"Ucnoqta.az" “Qafqazinfo”a istinadən xəbər verir ki, Komitə sədri Kərəm Həsənov iclasda bildirib ki, ölkə başçısının tapşırığı ilə iqtisadi sahələrdə tətbiq edilən müasir metodlar, dövlət idarəetməsinin modernizasiyası sayəsində həm makroiqtisadi sabitlik, həm də qeyri-neft sektorunda davamlı inkişaf dinamikası təmin edilib. Bildirib ki, ölkədə həyata keçirilən iqtisadi yeniliklər fonunda əmlak idarəçiliyi sahəsində də müasir idarəetmə texnologiyaları və innovativ yanaşmalar tətbiq edilib, xidmətlərdə ictimai məmnunluğun artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb.
Bildirilib ki, ötən il ərzində keçirilmiş 20 “Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunub.
2017-ci il ərzində komitənin inzibati binasında və regionlarda komitə rəhbərliyi, həmçinin komitənin strukturuna daxil olan və tabeliyində olan qurum rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilib və ümumilikdə 10 min 755 nəfər qəbul edilib.
Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. O, Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib.