Dubay küçələrində müxtəlif dövlət qurumları üçün məlumat toplamaq məqsədilə minlərlə kameralar quraşdırılacaq. Bu barədə “Gulf News” nəşri məlumat yayıb.
"Ucnoqta.az" AzərTac-a istinadən xəbər verir ki, “Oyoon” adlı yeni layihə hökumətin Dubayı 2021-ci ilə qədər “ağıllı şəhər” etmək proqramının bir hissəsidir. Kameralar şəhərdə baş verən cinayətləri, qeyri qanuni hərəkətləri, yol hərəkəti qaydalarının pozuntusunu izləyəcək. Quraşdırılmış kameralar süni intellekt vasitəsilə insanın iştirakı olmadan ekrandakı canlı mənzərəni analiz edə biləcək. Həmçinin insanların üzünü tanıyacaq, əşyaları və minik vasitələrini müəyyən edəcək. “Ağıllı” kameralar yol hərəkət qaydalarını pozan şəxsləri müəyyən edəndən sonra, polis maşını saxlamadan cərimə yazmaq imkanı qazanacaq.
Qeyd olunur ki, yaxın zamanda bütün kameralar birləşdiriləcək və toplanan informasiya vahid mərkəzə ötürüləcək. Kameraların təkcə yollarda deyil, bütün şəhər ərazisində qurulması nəzərdə tutulur. Dubay polisinin fikrincə, bu tədbirlər şəhərdə fövqəladə hallarda operativ reaksiya verməyə, cinayətlərin azalmasına və şəhərin təhlükəsizliyinin tam təmin olunmasına xidmət edəcək.