"2017-ci ildə prokurorluq orqanlarında kadr siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilib, kadrların şəffaf və obyektiv meyarlar əsasında seçilib yerləşdirilməsi və vəzifədə irəli çəkilməsi, kadr korpusunun müsabiqə yolu ilə dərin biliyə malik yüksək ixtisaslı gənc hüquqşünaslar hesabına mütəmadi komplektləşdirilməsi üçün zəruri tədbirlər görülüb".
"Ucnoqta.az"ın APA-ya istinadən məlumatına görə, bu barədə Baş prokuror Zakir Qaralov Baş Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.
O, qeyd edib ki, hesabat dövründə xidməti fəaliyyətlərində müsbət iş göstəricilərinə nail olmaqla təşkilatçılıq bacarığı nümayiş etdirmiş 9 nəfərin ilk dəfə müstəqil rayon prokurorları vəzifələrinə təyin edildiyi, 107 prokurorluq işçisinin yuxarı təsnifatlar üzrə müxtəlif vəzifələrə irəli çəkildiyi, ölkəmizdə uğurla reallaşdırılan dövlət gənclər siyasətinə uyğun olaraq 2002-ci ildən başlayaraq keçirilən 17 müsabiqə üzrə prokurorluğa qulluğa qəbul edilmiş 780 gənc hüquqşunasın sayının prokurorluğun kadr tərkibinin 66 faizini təşkil etməsi, eləcə də 60 ştat vahidi üzrə elan edilmiş növbəti qəbul üzrə cari il ərzində vakant vəzifələrə təyinatların aparılacağı prokurorluq orqanlarında həyata keçirilən kadr islahatlarının uğurlu nəticələri kimi dəyərləndirilib.
Qeyd edilib ki, ciddi tələbkarlıq və prinsipiallıq şəraitinin yaradılmasına baxmayaraq, hesabat dövründə aparılmış xidməti yoxlamalar nəticəsində 37 nəfər prokurorluq işçisi intizam məsuliyyətinə cəlb edilib, onlardan 26 nəfərə töhmət və şiddətli töhmət elan edilib, 1 nəfər aşağı vəzifəyə keçirilib, 7 nəfər vəzifədən azad edilib, 3 nəfər isə prokurorluq orqanlarından xaric olunub.
Baş Prokurorluğun əlaqədar struktur qurumları və bütün tabe prokurorlardan möhkəm nizam-intizam yaradılması məsələlərində prinsipiallığın artırılması tələb edilib.
Baş prokuror qeyd edib ki, ötən il Respublikamızda insan hüquqlarının daha səmərəli təmin olunması, hüquq və qanunvericilik sisteminin inkişafının yeni mərhələsi sayıla biləcək Ölkə Başçısının “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli proqram xarakterli Sərəncamının bu istiqamətdə görülən işlər üçün yol xəritəsi əhəmiyyətinə malikdir: “Ölkəmizdə uzun illər cinayətkarlığa qarşı aparılan barışmaz və effektiv mübarizənin məntiqi nəticəsi kimi qəbul edilmiş sərəncamın əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən humanist siyasətin növbəti təzahürüdür”.
Z. Qaralov sərəncamdan irəli gələn, prokurorluq orqanlarının üzərinə düşən vəzifələrin tam və dəqiq yerinə yetirilməsi, cəza siyasətinin liberallaşdırılması, cinayət təqibi ilə əlaqədar fəaliyyətin səmərəli təşkil edilməsi məqsədilə konkret tapşırıqlar verib.