Afrin ərazisini gündə 700-dən çox adam tərk edir — əməliyyatlardan sonra

19:28 - 26 Yanvar 2018 - DÜNYA

Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində “Zeytun budağı” əməliyyatı başlayandan sonra gün ərzində 700 sakin sözügedən ərazini tərk edir.

"Ucnoqta.az" “Ölkə.Az”a istinadən xəbər verir ki, bu barədə rusiyalı general-mayor Yuri Yevtuşenko keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu da Suriyada vəziyyəti daha da gərginləşdirib.

“İstərdim bildirim ki, “Zeytun budağı” əməliyyatı başlayandan sonra gün ərzində 700 sakin Afrin ərazisini tərk edir. Sakinlər Suriyanın Hələb, İdlib və digər regionlarına axın edirlər. Burada da vəziyyət daha da gərginləşir”, - deyə Yuri Yevtuşenko bildirib.
 

Qeyd edək ki, yanvarın 20-dən Türkiyə Afrində “Zeytun budağı” əməliyyatına başlayıb. Terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Eyni zamanda Suriyanın müxalifətdən olan "Azad Suriya ordusu" qruplaşması bazar günü ölkənin şimalında yerləşən Afrin rayonunda genişmiqyaslı əməliyyatlara başlayıb. Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.
 

Əməliyyata ilk öncə Türkiyə Hərbi Hava Qüvvələrinin 72 ədəd “ F-16” təyyarəsi cəlb edilib. Türkiyə hərbçiləri “Azad Suriya ordusu” müxalifət birləşmələrilə birgə Suriyada məskunlaşan PKK, PYD və YPG terror təşkilatının silahlılarının məkanlarına zərbələr endiriblər.
 

Verilən məlumatlara görə, əməliyyatın ilk günü Türkiyə döyüşçüləri Afrinin 3.5 kilometrliyinə qədər irəliləyiblər. Hələlik terrorçular onlara güclü müqavimət göstərə bilməyiblər. Əməliyyatlar zamanı terrorçular çox sayda canlı qüvvə itiriblər.

Xəbər xətti