Elm adamları, havanın çirkləndirici maddələrdən təmizlənməsinin təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, İngiltərə, ABŞ, Norveç və Almaniyadan olan alimlər yer səthində havanın bəzi kirlədici maddələrdən təmizlənməsinin qlobal istiləşməyə səbəb olacağı nəticəsinə gəliblər.
“Geophysical Research Letters” jurnalında yayımlanan mütəxəssis araşdırması göstərib ki, sulfatların və qurumun meydana gətirdiyi aerozollardan təmizlənmiş hava iqlim dəyişikliklərinə səbəb olur.
Atmosferdə mövcud olan karbon-dioksid səviyyəsinə görə çirkləndirici maddələrdən təmizlənmiş havadakı istixana təsirinin güclənəcəyi, orta hava istiliyinin isə 0,5 və 1,1 dərəcə arasında artacağı məlum olub.
Hesabatda aerozolların Günəşin yaydığı radiasiyanı özündə saxlayan bir qoruyucu funksiyanı yerinə yetirdiyi bildirilib. Həmçinin, təmiz hava mühitində bu “qalxandan” məhrum olan dünyanın əvvəlki ilə müqayisədə daha tez isinəcəyi, daha uzun müddətli quraqlığa və sellərə səbəb olacağı ifadə edilib.