Türkiyə baş naziri Binəli Yıldırım Rusiya və İranın Türkiyə ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatına münasibətinə aydınlıq gətirib.
"Ucnoqta.az" APA-ya istinadən verdiyi məlumata görə, B. Yıldırım Rusiyanın əməliyyata ciddi etirazının olmadığını bəyan edib.
Türkiyə baş naziri İranın "Zeytun budağı" əməliyyatı ilə bağlı müəyyən narahatlıqlarının olduğunu və bu narahatlıqların aradan qaldırılacağını da nəzərə çatdırıb. B. Yıldırım hərbi əməliyyatla əlaqədar Suriya hökumətinin Rusiya vasitəsi ilə məlumatlandırıldığını , o cümlədən Türkiyə və Suriyanın aşağı səviyyəli dövlət qurumları arasında əlaqə olduğunu açıqlayıb. Türkiyə baş naziri hələ ki, Türkiyə və Suriya arasında yüksək səviyyədə əlaqə olmadığını qeyd edib.
Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. Bu gün isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb. Suriyada "Fərat" qalxanı əməliyyatı çərçivəsində azad edilmiş bölgədən də Afrinə müxalif Azad Suriya ordusunun hücumu başlayıb. Azad Suriya Ordusunun bölmələri Türkiyə tanklarının müşayiəti ilə irəliləyir.