Qazaxıstan son illərin ən sərt günlərini yaşayır — FOTO

19:10 - 12 Yanvar 2018 - DÜNYA

Qazaxıstanda son illərin ən sərt hava şəraiti qeydə alınıb. Yanvarın 11-də gecə saatlarından başlayan güclü qar fırtınası səbəbindən Qazaxıstan paytaxtında fövqəladə vəziyyət elan olunub. Paytaxt Astanada intensiv qar yağışı və şiddətli külək həyatı iflic edib.

Sürəti saatda 76 kilometrə çatan qasırğa nəticəsində insanlar yollarda qalıb, bir çox obyektlərə və yaşayış binalarına ziyan dəyib. Şəhər daxilində nəqliyyatın hərəkəti təmin edilsə də, paytaxtın digər şəhərlərlə əlaqəsində fasilələr yaranıb. Eyni zamanda, Nursultan Nazarbayev adına Astana Beynəlxalq hava limanından uçuşlar təxirə salınıb.
 

Günorta saatlarında Astana şəhər icra hakimiyyəti yaydığı yazılı açıqlamada şəhərdə fövqəladə vəziyyət elan olunduğunu və vətəndaşların mümkün qədər evlərindən çıxmamaları barədə xəbərdarlıq edib. Eyni zamanda, səhər saatlarında sosial şəbəkələr vasitəsilə məktəblərdə və kolleclərin aşağı kurslarında dərslərin təxirə salındığı barədə xəbər verilib. Həyati əhəmiyyətli xidmətlər istisna olmaqla, digər təşkilatlara fəaliyyətlərini müvəqqəti olaraq dayandırmaq tövsiyə edilib. Ölkənin hidrometeorologiya xidmətindən yayılan açıqlamada qar çovğununun davam edəcəyi və havanın temperaturunun - 25 dərəcəyə qədər enəcəyi bildirilib.
 

Bununla belə, kəskin çovğuna baxmayaraq, gün ərzində şəhərdə nəqliyyatın hərəkətini asanlaşdırmaq məqsədilə yollarda qarın təmizlənməsi işləri fasiləsiz davam etdirilib. Astana meriyasından verilən məlumata görə, bu işlərə 1345 maşın cəlb edilib və 35 min ton qar şəhər kənarına daşınıb.
 

Qeyd edək ki, qış mövsümünün beş-altı ay davam etdiyi Astana şəhəri Monqolustanın paytaxtı Ulan-Batordan sonra dünyanın ikinci ən soyuq paytaxtı hesab olunur. //Ölkə.Az//


Xəbər xətti