Ağ Ev rəsmiləri inanırlar ki, prezident Donald Trampın Rusiya ilə mümkün sövdələşməyə girib-girmədiyini araşdıran xüsusi prokuror prezidentin maliyyə məsələlərinin yaxınlığına gedən kimi onun prezidentliyinə son qoyulacaq.
"Ucnoqta.az" Modern.az-a istinadən xəbər verir ki, bu barədə “The İndependent” yazır.
Jurnalist Maykl Volfun Trampı rüsvay edən "Atəş və qəzəb" kitabında deyilir ki, Ağ Ev rəsmiləri onun seçkidə qələbə qazanmaq üçün Moskva ilə sövdələşməyə girmədiyini düşünürlər. Amma digər tərəfdən bu rəsmilərin fikrincə, təhqiqat prezidentin maliyyə məsələlərini araşdırmağa başlasa, onun mövqeyi ölümcül şəkildə laxlayacaq.
"Ağ Evdəkilər onun Rusiya ilə sövdələşməyə girdiyinə inanmırlar, lakin onlar düşünürlər ki, təhqiqat onun maliyyə işlərini araşdırsa, Tramp batacaq..."- virtualaz.org-un məlumatına görə kitabın müəllifi CNBS telekanalına müsahibəsində deyib.
Bu qeydlərdən bir qədər əvvəl yayılan xəbərlərdə deyilirdi ki, hələ dekabr ayında “Deutsche Bank” Trampın yaxın ətrafının bank məlumatlarını Rusiyanın seçkiyə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müllerə təqdim edib.
“Deutsche Bank” özünün Rusiya oliqarxları və Moskva ilə əlaqələrinə görə tanınır.Bu xəbərlər onu göstərir ki, Müller heç şübhəsiz Trampın yaxın çevrəsinin maliyyələrini araşdırmağa başlayıb.
Ötən il "The New York Times" qəzetinin "əgər Müller Rusiya ilə münasibətlərdən başqa həm də onun ailəsinin maliyyəsini araşdırarsa, bu, qırmızı xətt ola bilərmi" sualına Tramp "Mən deyərdim ki, bəli, bu məncə, qanunun pozulması olardı" cavabını vermişdi.
Donald Tramp hələ indiyədək ailə biznesinin üzərindəki məxfiliyin üstünü açmayıb və vergi sənədlərini açmaq istəmir. Bütün başqa prezidentlər bunu ediblər. O, 2016-cı il ABŞ seçkisi zamanı ruslarla hər hansı sövdələşməyə girdiyi barədə iddiaları dəfələrlə rədd edib və bunu "əcinnə ovu" adlandırıb.
"Atəş və qəzəb" kitabının işıq üzü gördüyü gün Tramp onun müəllifini "tam bir əfəl" adlandırmış və kitabdakıların "tam yalan" olduğunu demişdi. Volf isə CNBC-yə müsahibəsində kitabını müdafiəı edib və deyib ki, yazdıqlarına tam cavabdehlik daşıyır. "Mən bu kitabdakıların hər cümləsi barədə əminəm" – müəllif bildirib.