Tərcüməçi yazıçı Tektaş Ağaoğlu vəfat edib.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Tektaş Türkiyə mətbuatının qurucusu Əhməd Ağaoğlunun nəvəsidir.
Tektaş 1973-cü ildə Marks və Engelsin əsərlərindən topladığı "Siyasət və fəlsəfə" adlı əsəri Türkiyə Konstitusiyasının 142-ci maddəsinə zidd olduğu üçün həbs edilib.
1934-cü ildə İstanbulda anadan olan Tektaş İngiltərədə ali təhsil alıb. "Ölümdə həyata"kitabı ilə yazı dünyasına qədəm basıb. Dostoyevski, Şoloxov, Remarkı türk dilinə tərcümə edib.
Əhməd Ağaoğlu kimdir?
Əhməd bəy Ağaoğlu 1869-cu ildə Azərbaycanın Şuşa şəhərində dünyaya gəlib. Atası Mirzə Həsən varlı pambıqçı fermer, anası Tazə xanım Şuşanın Sarıcı Əli nəslindən Zeynalabdin bəy Rəfibəyovun bacısıdır.
1888-ci ildə Parisə gedən Əhməd bəy burada məşhur fransız şərqşünasları Ernest Renan və professor Ceyms Darmestete ilə tanış olur. Əhməd bəy bu illərdə Sankt-Peterburq və Parisin məşhur Sorbonna universitetlərində təhsil alır. Beş dilə mükəmməl şəkildə yiyələnən Əhməd bəy o zaman həm yerli, həm də əcnəbi mətbuatda maraqlı məqalələrlə çıxış etməyə başlayır.
1894-cü ildə Qafqaza, fransız dilini tədris etmək məqsədilə qayıdan ədib tezliklə Bakıya köçür. Fransada təhsil aldığı dövrdə Avropa demokratik ideyalarından və fransız şərqşünas-alimlərinin əsərlərindən təsirlənən Əhməd bəy tezliklə Azərbaycan xalqının milli özünüdərketmə və türkçülük ideyalarının yayılması işinə başlayır.
1909 cu ilin Oktyabrında Istanbul Darülfünununda müəllimliyə başlayır. Bu dövrdə Əhməd bəyin türkçülük ideyaları onun fəaliyyətinin əsas istiqamətinə çevrilir.
1915-ci ildə Osmanlı Məclisi Məbusanına (Millət Məclisi) Afyon nümayəndəsi olaraq daxil olan Əhməd bəy eyni zamanda İttihad və Tərəqqi təşkilatının "Mərkəzi Ümumisinin" üzvü olmuşdur.
1918-ci il Azərbaycanda ilk müstəqil, demokratik cümhuriyyətin qurulması xəbərini sonsuz sevinclə qarşılayan Əhməd bəy elə həmin il vətənə qayıdır və yenicə qurulmuş, Şərqin ilk müsəlman demokratik dövlətinin möhkəmlənməsi naminə geniş fəaliyyətə başlayır. Milli Məclisə üzv seçilən Əhməd bəy Ağaoğlu 1919-cu ildə Paris Sülh Konfrasında Azərbaycan nümayəndə heyətinin tərkibində iştirak edir.
Azərbaycanda Şura hökuməti qurulduqdan sonra Əhməd bəy yenidən Türkiyəyə, bu dəfə Ankaraya köçməli olur. Türkiyədə jurnalist və siyasi fəaliyyətini davam etdirən Əhməd bəy mətbuat bürosunun direktoru, Türkiyənin "Hakimiyyəti-Milliyə" qəzetinin baş redaktoru və müasir Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi kimi geniş fəaliyyət dairəsində calişmişdır.
Birinci dünya müharibəsinin axırında ingilislər tərəfindən Maltaya sürgün edilmişdir.
1923-cü ildə Qars vilayəti millətvəkili olaraq II dönəm TBMM-sinə (1923 -1927) seçilir.
Əhməd bəy Ağaoğlu 1939-cu ildə Türkiyədə vəfat etmişdir.