Bakı Apellyasiya Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin 4-cü kurs tələbəsi Zəka Mirağayevə qarşı apellyasiya şikayəti, həmçinin Z. Mirağayevin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
"Ucnoqta.az" “Ölkə.Az”-a istinadən bildirir ki, iclasda N. İsmayılzadənin vəkili Kamandar Nəsibov çıxış edib. O, cəzanın ağırlaşdırılmasını istəyib. Z. Mirağayevin vəkili Elçin Sadıqov isə bəraət hökmünün çıxarılmasını xahiş edib.
Proses fevralın 5-də davam edəcək.
Yasamal rayon Məhkəməsinin qərarı ilə Z. Mirağayevə ittiham olunduğu 148-ci (təhqir) maddə üzrə bəraət verilib, 147.2-ci (böhtan) maddə üzrə isə aylıq gəlirinin 15 faizi tutulmaqla, 1 il islah işlərinə cəlb olunmaq cəzası verilib.
Z. Mirağayev mətbuata açıqlama verərək, fakültədə rüşvətxorluq olduğunu deyib.
Z. Mirağayev Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirilir.
Hökmdən hər iki tərəf apellyasiya şikayəti verib.