Meksikanın şimalındakı Çiuaua ştatında mafiyanın qanlı hesablaşması olub.
"Ucnoqta.az" "Ölkə.Az"a istinadən xəbər verir ki, Syudad-Xuares şəhərində bir gün ərzində 15 nəfər qətlə yetirilib.
Qətllər müxtəlif ərazilərdə törədilib. Əvvəlcə 3 nəfər qətlə yetirilib. Sonra isə 4 nəfər evdə öldürülüb. 3 nəfəri avtomobildə güllələyiblər. Eyni anda isə 15 yaşlı yeniyetmə ilə 1 nəfər şəxs küçədə qətlə yetirilib. Sonra isə üç qadın güllələnib.
Silsilə qətl hadisələrindən sonra şəhərin təhlükəsizlik qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Çiuaua ştatında bir neçə cinayət qruplaşması fəaliyyət göstərir. Onlar ABŞ-a narkotik maddə keçirmək uğrunda mübarizə aparırlar. Bir neçə il əvvəl Syudad-Xuares dünyanın ən kriminal şəhəri idi. İl ərzində bu şəhərdə 3.1 min insan qətlə yetirilmişdi.