Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Tbilisi şəhər məhkəməsinin qərarını qanunsuz adlandırıb.
"Ucnoqta.az" APA-ya istinadən bildirir ki, o bu barədə "Facebook" səhifəsində yazıb.
M.Saakaşvili bildirib ki, qərar Gürcüstanın keçmiş baş naziri, “Qazprom” un ən böyük səhmdarı, milyarder Bidzina İvanişvilinin göstərişi ilə verilib: "Düşünürəm ki, Poroşenko və İvanişvili bununla bağlı razılaşıblar. Bu qərar tamamilə qanunsuzdur və bütün beynəlxalq, milli normalara, sağlam düşüncəyə ziddir".
Qeyd edək ki, Tbilisi şəhər Məhkəməsində Sandro Qirqvliani işi ilə bağlı M. Saakaşvilinin 3 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qiyabi hökm çıxarılıb.
M. Saakaşvili “vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsinə əsasən təqsirli bilinir.
İstintaqın versiyasına görə, M. Saakaşvili o zamankı Konstitusiya Təhlükəsizliyi Departamentinin rəhbəri Data Axalayaya bank işçisi S. Qirqvlianinin ölümündə təqsirli bilinənləri azad edəcəyini deyib və sonra Əfv Komissiyasından kənar Qerontiy Alaniya, Mixail Bibiluridze, Avtandil Aptsiauri və Aleksandr Qaçavanı azad edib.