Hərbiçilərə ev verildi

16:20 - 4 Yanvar 2018 - Xəbər

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının bir qrup hərbi qulluqçusuna yeni inşa olunan mənzillərin orderləri təqdim edilib.
 

"Ucnoqta.az" xəbər verir ki, bu barədə AZƏRTAC-a Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.

Qurucusu ümummilli liderimiz Heydər Əliyev olan müasir müstəqil Azərbaycan dövləti sosial-iqtisadi gücünə görə dünyanın aparıcı ölkələri sırasındadır. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mütərəqqi iqtisadi islahatlar vətəndaşlarımızın, o cümlədən hərbi qulluqçularımızın sosial rifah halının yüksəldilməsinə xidmət edir. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 20 ildən artıq qüsursuz xidmət edən, hazırda həqiqi hərbi xidmətini davam etdirən on müharibə veteranına Gəncədə inşa olunan, hərtərəfli şəraitə malik mənzillərin verilməsi bunun əyani sübutudur. Bu münasibətlə Gəncədə Daxili Qoşunların hərbi qulluqçularına mənzillərin orderlərinin təqdim olunması mərasimi keçirilib.

Tədbirdə Daxili Qoşunlar Komandanının müavini - Maddi-Texniki Təminat İdarəsinin rəisi, general-mayor Fəxrəddin Səmədov mənzillə təmin olunan hərbi qulluqçuları Daxili İşlər Nazirliyinin rəhbərliyi və Daxili Qoşunların komandanlığı adından təbrik edib. Diqqətə çatdırılıb ki, Daxili Qoşunların şəxsi heyəti daim Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə əhatə olunub. Açılışında iştirak edilən, böyük zəhmət hesabına başa gələn yaşayış binası da bu qayğı və diqqətin daha bir nümunəsidir.

Hərbi qulluqçular adından çıxış edən kapitan Bəxtiyar Əliyev əlamətdar və unudulmaz bir gün yaşadıqlarını deyərək, ailə üzvlərinin hədsiz sevinc hissi keçirdiklərini bildirib. Qeyd edib ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin onlara göstərdiyi etimadı bundan sonra da fədakar xidmətləri ilə doğruldacaqlar.

Hərbçi ailələri adından çıxış edən Könül Əliyeva və Fatimə Əliyeva hər zaman Azərbaycan Prezidentinin diqqətini hiss etdiklərini bildiriblər. Bu gün daha bir qayğının şahidi olduqlarını dilə gətirən hərbçi ailələrinin üzvləri belə xoşbəxt anlar yaşadıqlarına görə Prezident İlham Əliyevə bir daha minnətdarlıqlarını ifadə ediblər.

Sonra mənzillərin orderləri Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularına təqdim edilib.


Xəbər xətti