Qaz limitinin sıfırlanmaması ilə bağlı "Azəriqaz"dan Açıqlama

14:43 - 4 Yanvar 2018 - Xəbər

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı 2018-ci ilin başlanmasına baxmayaraq hələ də, qaz sayğacının sıfırlanmadığını iddia edib. Bununla bağlı sosial şəbəkədə paylaşdığı məlumatda hüquq müdafiəçisi bildirib ki, yanvarın 3-də karta 10 manat yükləsə də, balans 5 manat göstərilib. M.Qəhrəmanlının statusuna yazılan şərhlər bir sıra abonentlərin oxşar problemi yaşadıqlarını göstərir.

Bəs hər hansı səbəbdən qaz sayğaclarında yeni ildən sıfırlanmanın gecikməsində problem ola bilərmi? Problem olduğu halda hansı addımlar atıla bilər? Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyevlə əlaqə saxladıq.
O, M.Qəhrəmanlının şikayəti ilə bağlı məsələnin araşdırma mərhələsində olduğunu dedi:
“Mirvari Qəhrəmanlıya abonent kodu və ünvanı dəqiq qeyd etməsi üçün müraciət ünvanlamışıq. Bunlar dəqiqləşəndən sonra məlumatı araşdıra biləcəyik. Hələ ki, qarşı tərəfdən bizə hər hansı məlumat verilməyib”.

İ.Kəlbalıyev bildirib ki, “Azəriqaz”İB-nin əvvəldən məlumat verdiyi kimi dekabrın sonunda sayğacların göstəricisi sıfırlanıb, 2018-ci il yanvar ayının 1-dən illik 1700 kubmetr limitin tətbiqinə başlanılıb.
İ.Kəlbalıyev bəzi sayğaclarda texniki problem və ya başqa səbəbdən sıfırlanmanın gecikməsinin mümkün olub-olmamasına da aydınlıq gətirdi:
“Texniki problem səbəbindən belə bir hal yaşana bilməz. Sayğacların sıfırlanmasında heç bir problem müşahidə edilmir. Sayğacın sıfırlanması mexaniki sayğaclarda üzərindəki rəqəmin götürülməsi ilə tənzimlənir. Artıq bu proses başa çatıb, yanvarın 1-dən limitlərin verilməsi tətbiq edilir”.

Qeyd edək ki, Tarif (qiymət) Şurasının 2016-cı il 19 nömrəli qərarına uyğun olaraq 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanıb. 2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanıb.publika.az

Xəbər xətti