Milli Qəhrəman Çingiz Qurbanov anıldı- Fotolar

17:45 - 29 Dekabr 2017 - Xəbər

Dekabrın 29-da Azərbaycan Texniki Universitetində (AzTU) Milli Qəhrəman Çingiz Qurbanovun anım günü keçirilib. Tədbirdə universitet rəhbərliyi, ictimaiyyət nümayəndələri, müəllimlər, tələbələr, eləcə də Çingizin qrup yoldaşları olan məzunlar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Çingiz Qurbanovun oxuduğu Xüsusi texnika və texnologiya fakültəsində olublar. Burada Milli Qəhrəmanın xatirəsinin əbədiləşdirilməsi üçün yaradılan stenttə baxış keçirilib. Stentdə qəhrəmanın təhsil aldığı müddətdə çəkilən fotoşəkilləri, onun diplom işi, öz əlyazmaları nümayiş etdirilib.
Daha sonra iştirakçılar Xüsusi texnika və texnologiya fakültəsində Milli Qəhrəmanın adı verilən auditoriyada olublar. Məlumat verilib ki, Çingiz Qurbanovun adı verilən bu auditoriya bir vaxtlar Milli Qəhrəmanın mütəmadi olaraq dərs aldığı auditoriyadır.

Anım tədbiri AzTU-nun Milli Qəhrəmanlar və Şəhidlər Muzeyində davam etdirilib. İştrakçılar muzeydə Çingiz Qurbanovun barlyefi qarşına gül dəstələri düzüb, onun xatirəsinə etiramlarını bildiriblər.
Muzeydə AzTU-nun rektor əvəzi Xalıq Yahudov qonaqlara Çingiz Qurbanov, onun qəhrəmanlığı, həmçinin universitet dövründə tələbə kimi ictimai aktivliyi haqqında geniş məlumat verib. Rektor əvəzi bildirib ki, Çingiz Qurbanovun qəhrəmanlığı nəinki onun təhsil aldığı fakültə tələbələrinə, bütün AzTU tələbələrinə, eləcə də Azərbaycan gəncliyinə böyük örnək oldu.

Qeyd edək ki, Milli Qəhrəman Çingiz Qurbanov 29 dekabr 2016-cı ildə Ermənistan-Azərbaycan dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat əməlinin qarşısı alınan zaman qəhrəmancasına şəhid olub. Ermənilər beynəlxalq qanunlara, humanitar təşkilatların çağrışına məhəl qoymayaraq Çingiz Qurbanovun nəşini Azərbaycana təhvil verməkdən boyun qaçırsalar da, təxminən 1 ay davam edən gərgin danışıqlardan sonra Prezident, Ali baş komandan İlham Əliyev Şəhidin nəşinin geri alınmasına nail olub. Böyük xalq izdihamının müşahidi ilə ölkəyə gətirilən Şəhid rəsmi dövlət mərasimindən sonra anadan olduğu Qusar rayonunda dəfn olunub.
Çingiz Qurbanova göstərdiyi rəşadətə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı verilib.
Həmçinin Qusar rayonunun mərkəzi küçələrindən birinə və təhsil aldığı orta məktəbə Milli Qəhrəman Çingiz Qurbanovun adı verilib.


Xəbər xətti