Kənd təsərrüfatı naziri Heydər Əsədov Dünya Bankının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Navid Həsən Naqvi və Əməliyyatlar üzrə baş mütəxəssis Səidə Bağırlı ilə görüşüb.
"Ucnoqta.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, görüşdə əsas məqsəd Dünya Bankı ilə kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq haqqında müzakirələrin aparılması olub.
Heydər Əsədov Dünya Bankı ilə uzun müddətdir ki, əməkdaşlıq edildiyini, bir çox layihələrin artıq yekunlaşaraq yüksək nəticələr verdiyini, Quba rayonunda Fermer Evinin özünü doğrultduğunu, ictimaiyyətin rəğbətini qazandığını, hal-hazırda 2 layihənin də uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Navid Həsən Naqvi səmimi qəbula görə təşəkkür edib və sentyabr ayında keçirilmiş Dünya Bankı ilə tərəfdaşlığın 25-ci ildönümünə həsr olunmuş tədbiri xatırladaraq, 2 tədbirin keçirilməsinin planlaşdırıldığını diqqətə çatdırıb. Həmin tədbirlərin biri 2018-ci ilin əvvəlində Azərbaycan Dövlət Aqrar Universitetində keçiriləcək. Digər tədbir isə Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi çərçivəsində aralıq missiya ilə qarşıda duran vəzifələrin müzakirələrinin başlaması olacaq.