"New York Post": Tramp prezidentlik müddətinin üçdə birini məzuniyyətdə keçirib

23:26 - 26 Dekabr 2017 - DÜNYA

ABŞ dövlət başçısı Donald Trump 2017-ci il yanvarın 20-də prezident vəzifələrini icra etməyə başladıqdan sonrakı müddətin, demək olar, üçdə birini şəxsi mülklərində istirahətdə keçirib.

"Report" "New York Post"a istinadən xəbər verir ki, hazırda Ağ evin rəhbəri Milad tətilini qeyd etmək üçün getdiyi Floridadakı qərargahındadır. 
Prezidentin məzuniyyət planı, təxminən, on gün davam etməlidir.

Bu il ərzində Tramp şəxsi mülklərinə yüz dəfə baş çəkib, o cümlədən təxminən 40 gün Nyu-Cersidə qolf oynayıb, 40 gün də Floridadakı "Qışlıq Ağ ev" adlandırılan "Mar-a-Laqo" məkanında olub.

Qəzet qeyd edib ki, ABŞ-ın sabiq prezidentləri vaxtlarını keçirdikləri mənzil-qərargahlara görə ödənişlər edirdi, Tramp isə özünə aid evlərdə qalır. 
Nəşrin hesablamalarına görə, ABŞ-ın sabiq prezidenti Barak Obama hakimiyyətdə olduğu 8 ildə belə istirahət səfərlərinə büdcədən təxminən 90 milyon dollar, başqa sözlə, aya təxminən 1 milyon dollar xərcləyib. Trampa isə bu məsələdə 1,5 milyon dollar lazım gələcək.

Xatırladaq ki, Tramp 2016-cı ildə prezidentlik kampaniyası dövründə Obamanı qolf oynamağa çox vaxt ayırdığına görə dəfələrlə tənqid edib: "Mən isə nadir hallarda Ağ evi tərk edəcəyəm, çünki burada görüləsi həddən çox iş var".


Xəbər xətti