Sahib Məmmədov: “Tikintidə bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi texniki təhlükəsizliyə əməl olunmaması, əməyin mühafizə qaydalarının pozulmasıdır”
Musa Quliyev: “Tikinti ilə bağlı qanunların sərtləşdirilməsinə ehtiyac var”
Bu gün də tikinti sektorunda ölüm halları qeydə alınır. Tikinti şirkətlərində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün dəfələrlə monitorinqlərin aparılmasına baxmayaraq, problem hələ də öz həllini tapmayıb. Ekspertlər bunun tikinti sektoruna peşəkarların deyil, istənilən şəxslərin cəlb edilməsi ilə bağlı olduğunu deyir. Bunun da nəticəsində bədbəxt hadisələr baş verir. Ucuz işçi qüvvəsindən istifadə etməkdə maraqlı olan tikinti şirkətləri üçün işçinin peşəkarlığı və təhlükəsizliyi arxa plana keçir.
Mövzu ilə bağlı “Üç nöqtə”yə açıqlama verən Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov tikinti sektorunda bədbəxt hadisələrin qarşısının alınması üçün işəgötürənələrə nəzarətin gücləndirilməsini vacib sayır: “Rəsmi statistikaya əsasən əvvəlki illərlə müqayisədə son illərdə tikinti sektorunda baş verən bədbəxt hadisələrin sayı azalıb. Amma buna baxmayaraq problem hələ də qalmaqda davam edir. On il bundan əvvəl tikinti işlərini istənilən şəxs həyata keçirirdi. Lakin indi elə deyil, artıq ixtisaslaşmış tikinti şirkətləri fəaliyyət göstərir. Buna görə də, bədbəxt hadisələrin sayı azalıb”.
S.Məmmədov deyir ki, tikintidə bədbəxt hadisələrin baş verməsinin əsas səbəbi texniki təhlükəsizliyə əməl olunmaması, əməyin mühafizə qaydalarının pozulması ilə əlaqədardır: “Çünki bunların həyata keçirilməsi xeyli xərc tələb edir. İşçilərə xüsusi geyimlər alınmalı, fasad hissədə xüsusi setkalar asılmalıdır ki, işçi yıxılanda həmin setkalar onu tutub saxlasın və s. Bundan başqa əyani vəsaitlər artırılmalıdır. İşəgötürənlər əlavə xərcə getmək istəmirlər, nəticədə də bədbəxt hadisələr baş verir. Tikinti sektorları işçiləri bədbəxt hadisə və peşə xəstəliklərindən sığortalamırlar. Hətta bədbəxt hadisə baş verdikdən sonra şəxs kompensasiya almaqda çətinlik çəkir”.
S.Məmmədov qeyd etdi ki, Azərbaycanda istehsalatda baş verən bədbəxt hadisələrin 90 faizindən çoxu gizlədilir: “Bir çox hallarda işəgötürənlər baş verən hadisələri gizlətməklə məsuliyyətdən yayınmağa çalışırlar. Hətta bəzən ətrafların itirilməsi (qol-ayaq), şəxsin birinci qrup əlil olmasına, davamlı sağlamlığını itirməsinə gətirib çıxaran hadisələr də gizlədilir. İşəgötürən şəxs bəzən ölən şəxsin ailəsi ilə danışaraq, hadisənin iş prosesində deyil, işdən kənarda baş verdiyi barədə razılaşır. Bu halların gizlədilməsi isə müxtəlif səbəblərlə əlaqədardır. İşəgötürənlər artıq xərcə düşməkdən, yol verdikləri qanun pozuntularının üstünün açılmamasından ötrü bu vasitəyə əl atırlar. Çünki baş verən hadisə rəsmiləşəndən sonra məsələyə hüquq-mühafizə orqanları qarışır. Bunun əsas səbəblərindən biri bədbəxt hadisənin qurbanı olan işçilərə kompensasiya ödəməməklə bağlıdır. Digər tərəfdən işçi ilə əmək müqaviləsi bağlamamağa görə qanunda hüquqi şəxslərə çox böyük cərimə tətbiq olunması nəzərdə tutulsa da, buna əməl edilmir. Halbuki işəgötürənlər işçini bədbəxt hadisələrdən sığortalasa, belə hadisələr zamanı maddi məsuliyyət sığorta şirkətinin üzərinə düşəcək. Bütün bunların qarşısını almaq üçün işəgötürənlərə nəzarət gücləndirilməlidir”.
Əmək Hüquqlarını Müdafiə Liqasının sədrinin sözlərinə görə, əməyin mühafizəsi daha geniş bir anlayışdır: “İş saatının çox olması, uzun müddət işləmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır. Və işçinin sağlamlığına uzunmüddətli planda zərər vura bilər. Bununla yanaşı yorğunluğa gətirib çıxarar, nəticədə də qəza halları baş verə bilər. Bunun özü də bir faktdır. Bədbəxt hadisə baş verən zaman məsuliyyət işəgötürənin üzərinə düşür. İşəgötürən üçün inzibati və cinayət məsuliyyəti var”.
S.Məmmədov əlavə etdi ki, bu sahədə bir çox tədbirlərin keçirilməsinə ehtiyac var: “İlk növbədə işçilərlə əmək müqaviləsi imzalanmalıdır. Bundan başqa işəgötürənlər qanunda nəzərdə tutulan tədbirləri həyata keçirməlidirlər. Hazırda yoxlamalara məhdudiyyət qoyulub, ona görə də işəgötürənlərə özbaşınalıq etməyə imkan yaranıb. Yoxlamalar dayandırılsa da, gərək işəgötürənlər işçiyə vicdanlı münasibət bəsləsinlər”.
Milli Məclisin deputatı Musa Quliyev deyir ki, tikinti ilə qanunların sərtləşdirilməsinə ehtiyac var: “Hər bir qanunun təkmilləşdirilməsi, nəzarət sisteminin gücləndirilməsi, sanskiyaların sərtləşdirilməsi vacib məsələlərdir. Nə qədər mükəmməl qanunlar qəbul olunsa da, yerlərdə düzgün tətbiq olunmadığı halda əhəmiyyətsiz olur. Buna görə də tikinti sahəsində çalışan insanların peşəkarlığı, onlara vərdişlərin aşılanması vacibdir. Həmçinin, həmin qurum tərəfindən işçilərin təhlükəsizlik qaydalarına riayət etməsinə ciddi nəzarət edilməlidir. Elə tikinti şirkətləri var ki, işçilərini 10-12 saat işləməyə məcbur edir. Belə olan halda yorğunluğu artır, sayıqlığı azalır, iş rejiminin gərginliyi səbəbindən arzuolunmaz hadisələr baş verir. Bununla bağlı müvafiq tədbirlər görməlidir”.
Bu arada ''ASAN xidmət''in monitorinq mərkəzi bir sıra yoxlamalar keçirib. Bildirilib ki, Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi tərəfindən ümumilikdə bu il 12 səyyar monitorinq həyata keçirilib. Bakı şəhərində çoxmənzilli yaşayış binalarının inşası ilə məşğul olan 12-si sifarişçi, 9-u podratçı, 17-si subpodratçı olmaqla cəmi 38 hüquqi və fiziki şəxsi əhatə edən qeyri-rəsmi əmək münasibətlərininin tənzimlənməsi ilə bağlı səyyar monitorinq keçirilib.
Yoxlamaların həyata keçirildiyi dövr ərzində yoxlanılmış 386 işçidən 250-nin müqavilə ilə, 136-nın isə müqaviləsiz işlədiyi aşkar olunub. Ümumilikdə dövr ərzində yoxlanılan işçilərin 35 %-ində əmək müqaviləsi və ya xidməti (mülki) müqavilə olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmə halları aşkar edilib. Həmin şirkətlər haqqında məlumatlar toplanaraq aidiyyatı orqanlara göndərilib. Qeyd edək ki, belə monitorinqlər mütəmadi olaraq davam etdiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə bildirilib ki, cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb. Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayevin sözlərinə görə, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma sahələrində, həmçinin özəl sektora aid müəssisələrdə baş verdiyi müəyyən olunan bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib. "Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələri əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”, - deyə şöbə müdiri vurğulayıb.
Qeyd edək ki, 2016-cı ildə istehsalatda 84 nəfər ölüb, 165 nəfər xəsarət alıb. Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi istehsalatla əlaqəli sayılmış 159 bədbəxt hadisənin təhqiqatını aparıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu hadisələrdən 16-sı qrup halında baş verib: "Bu hadisələr nəticəsində 84 nəfər həyatını itirib, 165 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. İqtisadi fəaliyyət sahələri üzrə istehsalatla bağlı bədbəxt hadisələrin daha çox tikinti sektorunda (24,2%), emal sənayesində (16,8%), nəqliyyat sektorunda (12,4%), mədənçıxarma sektorunda (14,9%), energetika sahəsində (6,8%) və digər sahələrdə (24,9%) baş verməsi müəyyən edilib. Tikinti sektorunda 39 bədbəxt hadisə baş vermiş (onlardan qrup halında bir hadisə qeydə alınıb) və bu hadisələr zamanı ölənlərin sayı 10 nəfər, xəsarət alanların sayı isə 30 nəfər olub".
Könül Əhmədova